“Tvente”nin niderlandlı hücumçusu Vut Veqhorst uşaqlıq sevgilisi Nikki van Eshə evlilik təklifi edib. 34 yaşlı təcrübəli forvard sosial şəbəkə hesabında etdiyi bu paylaşımın pərdəarxasını Erediviziyanın “Kambür” – “Tvente” (1:4) oyunundan dərhal sonra açıqlayıb.
Qarşılaşmadan sonra ESPN telekanalına müsahibə verən futbolçu duygularını gizlətməyib: “Bu, sadəcə möhtəşəm bir xəbərdir. Bizim artıq dörd gözəl övladımız var, lakin o, indiyədək mənim sevgilim olaraq qalırdı. Artıq evləndiyimizi elan etməyin vaxtı gəlib çatmışdı. Bu anı səbirsizliklə gözləyirik və xoşbəxtlikdən, o, ‘hə’ cavabı verdi. Adətən ‘Instagram’da şəxsi həyatımla bağlı paylaşım etməyi sevmirəm, amma bu dəfə bütün dünyanın bunu bilməsini istədim”.
Dindar olduğunu gizlətməyən Veqhorst bu addımı atmasının mənəvi səbəbini də dilə gətirib: “Bu gün səhər duam zamanı həyat yoldaşıma dəstək olmalı olduğum və bu addımı atmalı olduğum barədə daxili bir mesaj aldım”. Qeyd edək ki, “Kambür”ə qarşı matçda komandasının ikinci qoluna imza atan Veqhorst, “Tvente” forması ilə Erediviziyada ilk dəfə fərqlənib. Təcrübəli forvard ötən həftə Konfrans Liqasının təsnifat mərhələsində “Qarabağ”la keçirilən qarşılaşmada da qol vurmağı başarmışdı. Niderlandlı hücumçu karyerası ərzində ölkəsinin yüksək liqasında daha əvvəl “Herakl”, “Alkmaar” və “Ayaks”ın da şərəfini qoruyub.