UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Sabah”la “Orxus” komandaları arasında keçiriləcən qarşılaşma öncəsi xoşagəlməz insident yaşanıb. Klubların azarkeşləri arasında kütləvi dava düşüb.
Hadisənin təfərrüatları
“Orxus” azarkeşləri stadiona öz avtobuslarında gələrək birbaşa “Sabah” fanatlarının yaxınlığında düşüblər. Bundan dərhal sonra onlar rəqib azarkeşləri təhqir etməyə başlayıblar. Yerli tərəfin cavabsız qalmadığı bu addım nəticəsində tərəflər arasında əlbəyaxa dava düşüb. İnsident zamanı hər iki tərəfdən xəsarət alanların olduğu bildirilir.
Maraqlıdır ki, qonaq tərəf Danimarka mətbuatına hadisəni tamamilə fərqli prizmadan təqdim edərək özlərini təcavüz qurbanı kimi qələmə verib. Lakin etibarlı mənbədən əldə edilən məlumata görə, əvvəlcə sözlü deyişmənin, daha sonra isə kütləvi davanın yaranmasında bilavasitə qonaq azarkeşlər təşəbbüskar olublar.
KİV-in məlumatına görə, matçdan təxminən bir saat əvvəl baş verən bu qarşıdurmada hər iki tərəf zərər çəkib və yaranmış vəziyyət UEFA tərəfindən ciddi intizam tədbirlərinin və sanksiyaların tətbiqinə səbəb ola bilər.
Danimarka tərəfinin mövqeyi
Danimarka millisinin baş məşqçisi Yakob Nilsen də baş verən insidentə münasibət bildirərək təşkilatçı klubu ittiham edib: “UEFA-nın tələblərinə əsasən, qonaq və meydan sahibi komandaların azarkeşləri stadiona eyni girişdən daxil ola bilməzlər, həmçinin eyni və ya qonşu sektorlarda əyləşə bilməzlər. Təhlükəsizliyin təmin olunması üçün onlar fərqli zonalardan tribunaya buraxılmalı idilər. Lakin “Sabah” bizim üçün lazımi şəraiti yaratmayıb”.
Nilsen açıqlamasını belə davam etdirib: “Matçdan bir gün əvvəl azarkeşlərimizi bu barədə məlumatlandırmış və həddindən artıq ehtiyatlı olmağı xahiş etmişdik. Təəssüf ki, belə bir insident baş verdi. Bilirik ki, baş verənlər azarkeşlərimizi çox məyus edib. Stadionda UEFA nümayəndəsi ilə də məsələni müzakirə etdim və qurum məlumatlandırıldı. Hazırda ətraflı detallar toplanır. Aydındır ki, “Sabah” təhlükəsizlik qaydalarına tam əməl etməyib”.