Uzun illərdir futbol dünyasının ən yaxşı məşqçilərinin siyahısını hazırlayan nüfuzlu ESPN nəşri növbəti reytinq cədvəlini təqdim edib. Builki siyahıda diqqətçəkən ciddi dəyişikliklər baş verib. Xüsusilə “Bavariya”nın sükanı arxasındakı mütəxəssisin göstərdiyi yüksəliş xüsusi vurğulanır.
ESPN ekspertləri mütəxəssislərin fəaliyyətini taktiki bacarıqlar, oyun stili, ünsiyyət, heyətin idarə olunması, qazanılan titullar və “X-faktoru” kimi 6 ana meyar üzrə qiymətləndiriblər. Yekun nəticələrə əsasən, reytinqin zirvəsində ötən mövsüm PSJ ilə ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanan Luis Enrike qərarlaşıb. İlk dördlükdə ispan mütəxəssisi müvafiq olaraq Pep Qvardiola (“Mançester Siti”), Mikel Arteta (“Arsenal”) və “Barselona”nın baş məşqçisi Hansi Flik yer alıb.
Almaniyanın “Bild” nəşrinin də xüsusi vurğuladığı kimi, reytinq cədvəlindəki ən diqqətçəkən məqam Vinsent Kompaninin kəskin sıçrayışıdır. 12 ay əvvəl 19-cu sırada qərarlaşan belçikalı mütəxəssis yeni siyahıda 9-cu pilləyə yüksəlib.
Artıq iki mövsümdür ki, Münhen təmsilçisini çalışdıran Kompani ötən mövsüm komandası ilə daxili arenada “qızıl dubl”a imza atıb. “Bavariya” uzun fasilədən sonra ilk dəfə eyni mövsümdə həm ölkə çempionatının, həm də ölkə kubokunun qalibi olub.
Avrokuboklarda isə belçikalı mütəxəssisin komandası Çempionlar Liqasının yarımfinalına qədər irəliləyib və yalnız turnirin gələcək çempionu PSJ-yə məğlub olaraq mübarizəni dayandırıb.