Bir vaxtlar dünyanın ən bahalı müdafiəçisi olan fransalı futbolçu Benjamin Mendi hazırda Polşanın “Poqonx” (Şetsin) klubunda çıxış edir. 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə 57.5 milyon avroluq rekord məbləğə transfer olunan futbolçunun karyerası 2021-ci ildə üzləşdiyi ağır ittihamlarla alt-üst olmuşdu.
Həmin ilin avqustunda 7 qadına qarşı zorakılıq və təcavüz cəhdində ittiham olunan Mendi, “Mançester Siti” tərəfindən heyətdən kənarlaşdırıldı və sentyabr ayından etibarən onun əməkhaqqı ödənişi dayandırıldı. Həbsxanada qaldığı müddətdə günə cəmi 4 funt-sterlinq qazandığını bildiriən futbolçu, bu təcrübənin ona pulun qədrini bilməyi öyrətdiyini vurğulamışdı.
Klubun maaşları kəsməsindən sonra ciddi maliyyə böhranına düşən Mendi, məhkəmə xərclərini, borclarını və uşaq alimentini ödəmək üçün Çeşirdəki evini satmalı oldu. Sosial mediadakı şayiələrin əksinə olaraq, Mendi çətin günlərində keçmiş komanda yoldaşları Rəhim Sterlinq, Bernardo Silva və Riyad Mahrezin ona maddi kömək etdiyini açıqladı.
İki məhkəmə prosesindən sonra, 2023-cü ildə Mendi haqqındakı bütün ittihamlardan tam bəraət aldı. 2023-cü ilin iyununda “Siti” ilə müqaviləsi bitən futbolçu, ödənilməyən 11 milyon funt-sterlinqdən çox maaşı üçün klubu məhkəməyə verdi.
2024-cü ilin noyabrında Əmək Məhkəməsi Mendinin xeyrinə qərar çıxardı. Məhkəmə “Siti”nin futbolçunun həbsdə olduğu təxminən 5 ayı çıxmaq şərtilə, qalan 17 aylıq ödənilməmiş məvacibini tam verməli olduğuna hökm etdi.
Məhkəmə qalmaqallarını geridə qoyan 32 yaşlı müdafiəçi karyerasını bərpa etməyə müvəffəq oldu. “Loryan” və “Sürix” klublarında oynadıqdan sonra 2025-ci ilin sentyabrında Polşanın “Poqon” (Şetsin) komandası ilə müqavilə bağlayan Mendi, 2026-cı ilin iyulunda sözləşməsini 2027-ci ilin yayına qədər uzatdı.