Fransa Futbol Federasiyası (FFF) avqustun 13-də yığmanın çalışdırıcısı Zinəddin Zidanın məşqçi heyətini rəsmən açıqlayıb. Heyət federasiya prezidenti Filip Diallonun təsdiqindən sonra müəyyənləşib.
Zidanın məşqçi korpusunda iki köməkçisi – Devid Bettani və Hamidu Msaidinin yer aldığı bildirilib. Fabien Barthez qapıçılar üzrə məşqçi, Stefan Plank isə müşahidəçi vəzifəsinə təyin olunub.
Qriqori Düpon strategiya və effektivlik üzrə məsləhətçi, Farid Tabet baş məşqçinin köməkçisi və videoanalitik, Klement İber isə videoanalitikin köməkçisi kimi fəaliyyət göstərəcək.
Fransa millisinin məşqçi heyətinə sentyabrın əvvəlində daha bir əməkdaşın qoşulacağı gözlənilir. Onun FFF ilə Daxili İşlər Nazirliyi arasında əldə olunmuş razılaşma çərçivəsində əlaqələndirici vəzifəsinə təyin ediləcəyi bildirilib.
Zidan Fransa millisinin baş məşqçisi postunda Dide Deşamı əvəzləyib. Deşam dünya çempionatından sonra vəzifəsini tərk edib. Zidan avqustun 1-də yeni vəzifəsinin icrasına rəsmən başlayıb və komandanı Millətlər Liqasının oyunlarına hazırlamağa start verib.