Premyer Liqanın IV turunda “Sumqayıt”ı 2:1 hesabı ilə üstələyən “Turan-Tovuz”un baş məşqçisi Qurban Berdiyev oyundan sonra təşkil olunan mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb. Təcrübəli mütəxəssis gərgin keçən qarşılaşmanı şərh etməklə yanaşı, azarkeşlərin narazılığına və mübahisəli epizoda da aydınlıq gətirib.
Berdiyev ilk növbədə qazanılan 3 xalın psixoloji tərəfinə toxunub: “Gözlədiyimiz kimi, çox ağır oyun alındı. Bu gün bizim üçün gözəl oyundansa, nəticə – qələbə daha vacib idi. Bu, sırf psixoloji baxımdan komandaya lazımdır. Fikrimcə, pis oynamadıq, lakin hələ də üzərində işləməli olduğumuz məqamlar var”.
Qələbəyə rəğmən azarkeşlərin oyundan narazı qalması və komandanın ümumi gedişatı ilə bağlı sualı cavablandıran mütəxəssis tələsməyin tərəfdarı olmadığını bildirib: “Çempionat uzun bir marafondur. İndidən hansısa yekun fikri səsləndirmək çox erkəndir. Mövsümün sonunda ümumi vəziyyətə baxıb dəyərləndirmə aparacağıq”.
“Turan-Tovuz”un çalışdırıcısı Alexandro Serranonun zərbəsindən sonra topun qapı xəttini keçib-keçməməsi ilə bağlı yaranan mübahisəli epizoda da toxunub: “Hakimlərin işinə müdaxilə etmək istəmirəm. Düzünü desəm, bu gün həmin epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda bu hiss var idi, amma bu dəfə topun xətti keçdiyini əminliklə deyə bilmərəm”.