Premyer Liqanın V turunun mərkəzi qarşılaşmasında “Qarabağ”ı qəbul edən və gərgin mübarizədən bir xalla ayrılan (1:1) “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçın ardından media mənsublarının suallarını cavablandırıb.
Gənclər qəsəbəsində baş tutan dinamik görüşü dəyərləndirən təcrübəli mütəxəssis, komandada yaşanan ciddi zədə problemlərinə, iki gün ərzində dəyişmək məcburiyyətində qaldıqları taktiki gedişə və azarkeşlərin dəstəyinə xüsusi diqqət çəkib.
“Bizi tək qoymayan azarkeşlərimizə minnətdarıq”
Görüşün yüksək tempdə keçdiyini bildirən Sadıqov, nəticədən çox futbolçularının nümayiş etdirdiyi mübarizə əzmini ön plana çəkib: “Matç həqiqətən də böyük sürət və yüksək keyfiyyətlə yadda qaldı. Hər iki komanda çempionata uğurlu başladığı üçün baxımlı futbol gözlənilirdi və belə də oldu. Zənimcə, azarkeşlər bu oyundan zövq aldılar. 90 dəqiqə boyunca yüksək intizam və fədakarlıq göstərən futbolçularıma, həmçinin bizi yalnız buraxmayan fanatlarımıza təşəkkür edirəm. Səfərdə “Sabah”a məğlubiyyətdən (0:5) sonra belə, onlar həm oyun zamanı, həm də matçdan sonra komandaya böyük dəstək oldular. Biz bu dəstəyi futbolçularla ayrıca müzakirə etmişdik və bu gün meydandakı mübarizə ilə onlara təşəkkürümüzü bildirmək istəyirdik. “Qarabağ” keyfiyyətli futbol oynadı, udmaq da olardı, uduzmaq da. Əsas olan nəticə deyil, futbolçularımın nümayiş etdirdiyi əzm və intizam idi”.
İki gün ərzində məcburi taktika dəyişikliyivə zədə kabusu
Gənc mütəxəssis həftəərzində üzləşdikləri ciddi zədə problemlərindən və heyətdəki itkilərdən gileylənib: “Həftə boyunca ciddi çətinliklərlə qarşılaşdıq. Oyuna dördlü müdafiə sistemi ilə hazırlaşsaq da, Eren Aydın, Dimitri Leqbo, Kris Diqbe və Qiorqi Papunaşvilinin zədələnməsi bizi matça iki gün qalmış taktikanı dəyişməyə məcbur etdi. Futbolçularımın bu qısa müddətdə yeni tapşırıqları yüksək intizamla yerinə yetirməsi məni qürurlandırır. Maykon Kleytonun Braziliyadakı müalicəsi davam edir – isinmə hərəkətləri zamanı gözlənilmədən qolu qırıldı. Bu il artıq dörd futbolçumuzun çiyin oynağı çıxıb. Bu gün hətta 20-ci dəqiqədə Vieyrinya zədələndi. Müəyyən sınaqlardan keçirik və onların öhdəsindən gəlməyə çalışırıq”.
Milli fasilə və “Turan Tovuz”la çətin səfər sınağı
Sıx qrafikdə toplanan xallara və önümüzdəki milli komandaların oyunları ilə bağlı fasiləyə toxunan baş məşqçi ritmdən düşmək istəmədiklərini bildirib: “Avrokuboklara görə iyun ayından bəri eyni ritmdə davam edirik. Bu səbəbdən fasilənin ritmimizə təsir edəcəyindən narahatıq. Hal-hazırda fasilə bizə heç lazım deyildi, çünki qarşıda bizi “Turan Tovuz”la çox vacib səfər matçı gözləyir. İndi toplanan xallardan daha önəmlisi komandanın nümayiş etdirdiyi oyun keyfiyyətidir. “Sabah”a 0:5 uduzduğumuz matçda da komandam pis oynamamışdı, sadəcə rəqib son zərbələrdə daha dəqiq idi. Əsas məqsədimiz indiki oyunu qoruyub saxlamaq və daha da təkmilləşdirməkdir. Ehtiyat heyətdən əsas komandaya keçidlərin olub-olmayacağı isə sonra bəlli olacaq”.
Qurban Qurbanova taktiki gediş və Mourinyolu cavab
Son olaraq oyun sistemindəki ani dəyişikliyin rəqib üçün sürpriz olub-olmaması və hücum futbolundan imtina etməməsi ilə bağlı sualları cavablandıran Sadıqov, məşhur mütəxəssisin sözlərinə istinad edib: “Biz 8 matç idi ki, eyni sistemlə oynayırdıq. Bu gözlənilməz dəyişiklik rəqibdə müəyyən təəccüb yarada bilərdi. Amma tam təhlili oyuna yenidən baxdıqdan sonra aparacağıq. Əsas odur ki, hər iki komanda sonadək qələbə üçün döyüşdü.
“Sabah”la matçdakı riskə gəlincə, avrokuboklarda və çempionatın startında hücum futbolumuz bizə uğur gətirmişdi, buna görə də sistemi dəyişmək istəmədim. Risk etdiyimi bilirdim. Məğlub olsaq da, düşündüm ki, oynadığımız futbol bütün çempionat boyunca bəhrəsini verəcək. Təhlillər zamanı uşaqlar da gördülər ki, böyükhesablı yenilgiyə baxmayaraq, yaxşı hücum epizodlarımız var idi. Mourinyonun məşhur bir ifadəsi var: ‘Bir dəfə 0:5 hesabı ilə uduzmaq, beş dəfə 0:1 hesabı ilə uduzmaqdan yaxşıdır'”.