Gecə saatlarında başa çatan UEFA Superkuboku uğrunda həlledici matçda PSJ “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb.
56-cı ildönümünü qeyd edən Paris təmsilçisi üçün bu qələbə həm də ciddi maliyyə gəliri deməkdir. UEFA Superkubokundakı zəfər PSJ-nin büdcəsinə 5 milyon avro qazandırıb. Turnirin finalçısı “Aston Villa” isə təsəlli mükafatı olaraq 4 milyon avro əldə edib.
Fransa nəhəngi bu görüşdə sadəcə kuboku qazanmaqla kifayətlənməyib. Qələbə sayəsində parislilər qol vurduqları ardıcıl matçların sayını 29-a çatdırıblar. Komanda bununla da 2020-ci ilin iyulunda qırılan mütləq rekorduna, ardıcıl 36 oyunluq qol seriyasına bir qədər də yaxınlaşıb.
Görüşün ən çox diqqət çəkən isimlərindən biri isə “Aston Villa”nın gənc fransız futbolçusu Brayan Madjo olub. Meydana ilk dəqiqələrdən çıxan 17 yaş 212 günlük nəinki UEFA Superkuboku tarixində, ümumilikdə bütün avrokubok finalları tarixində start heyətində yer alan ən gənc futbolçu adına sahib çıxıb.
Gənc vunderkind cəmi 17 yaşında sadəcə iştirakı ilə deyil, həm də məhsuldarlığı ilə rekorda imza atıb. Birinci hissənin sonlarında adlı-sanlı rəqibin qapısına yol taparaq hesabı bərabərləşdirən (1:1) Madjo, avrokubok finalları tarixində həm start heyətdə yer alan, həm də qol vuran ən gənc futbolçu kimi adını tarixə yazdırıb.