«Viaplay»ın məlumatına görə, Norveç çempionatında çıxış edən futbolçular həftəsonu keçiriləcək oyunlara kralın xatirəsinə ehtiram əlaməti olaraq matəm sarğısı ilə çıxacaqlar.
Kral Haraldın vəfatı ilə bağlı xəbərin yayıldığı gün İngiltərə Premyer Liqasında da iki norveçli futbolçu – “Mançester Siti”nin hücumçusu Erling Holand və “Kristal Pelas”ın forvardı Yorgen Strand Larsen üz-üzə gəliblər. Hər iki futbolçu “Selherst Park”da keçirilən qarşılaşmaya start heyətində başlayıb. Görüş “Mançester Siti”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Kralın vəfatından sonra Holand sosial şəbəkədə paylaşım edərək Haraldla bağlı xatirələrini bölüşüb: “Ruhun şad olsun, kral Harald. Norveç üçün etdiyin hər şeyə görə təşəkkür edirəm. Səninlə tanış olmaq mənim üçün böyük şərəf idi”.
“Arsenal”ın kapitanı Martin Edegor da kral Haraldla bağlı başsağlığı verib. O, Norveç üçün kralın böyük əhəmiyyət daşıdığını və xalqın onunla xüsusi bağının olduğunu vurğulayıb.
Norveç millisinin dünya çempionatındakı tarixi uğurundan sonra komanda Kral Sarayında monarx Harald tərəfindən qəbul edilmişdi. Həmin vaxt Kral Harald mundiala yollanacaq heyəti şəxsən təqdim etmişdi.