“Santos”un ulduz futbolçusu Neymar həm meydanda, həm də meydandan kənarda qalmaqallarla gündəmə gəlməyə davam edir. 34 yaşlı braziliyalı ulduzun bu dəfəki hədəfi komandanın 18 yaşlı gənc istedadı Robinyo Junior olub.
Məşq prosesi zamanı gənc oyunçuya qarşı olduqca sərt sürüşmə fəndi edən Neymar, bununla kifayətlənməyərək ona sillə vurub. Hadisə komanda daxilində ciddi gərginliyə səbəb olub. Robinyo Juniorun nümayəndələri baş verənlərlə bağlı klub rəhbərliyindən rəsmi izahat tələb ediblər.
Maraqlıdır ki, bu insidentin tərəfləri arasında illərə dayanan yaxınlıq var. Neymar, 18 yaşlı futbolçunun həm atası ilə yaxın dostdur, həm də gəncin kirvəsidir. Hadisədən bir qədər sonra təcrübəli hücumçu hərəkətinə görə komanda yoldaşından üzr istəyib.
Qeyd edək ki, gənc futbolçunun atası — böyük Robinyo vaxtilə dünya futbolunun ulduzlarından hesab olunub. O, karyerası ərzində “Real”, “Milan” və “Mançester Siti” kimi nəhəng klubların şərəfini qoruyub.