La Liqanın son turunda penalti qaçıraraq komandasının məğlubiyyətində pay sahibi olan Kilian Mbappe bu dəfə səhvini kompensasiya edib.
“Real” doğma meydanda “Rayo Valyekano”nu 4:1 hesabı ilə məğlub edib. Qarşılaşmada Madrid klubunun qələbəsində əsas pay sahiblərindən biri Mbappe olub.
Fransalı hücumçu 14-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb. Xatırladaq ki, Mbappe ötən turda 94-cü dəqiqədə penalti zərbəsindən yararlana bilməmiş və “Real” həmin oyunda məğlub olmuşdu.
Matçın ilk yarısının sonlarında Alvaro Karreras və Cud Bellinqem ardıcıl qollarla fərqi üç topa çatdırıblar – 3:0. İkinci hissədə “Rayo” təsəlliverici qol vursa da, 91-ci dəqiqədə əks-hücumdan fərqlənən Kilian Mbappe görüşdə yekun nöqtəni qoyub. Bununla da ulduz futbolçu İspaniya La Liqasında keçirdiyi son 5 matçdakı qollarının sayını 6-ya yüksəldib.
“Real”’ın baş məşqçisi Joze Mourinyo görüşdən sonra “Marca”ya açıqlamasında komandasının ilk hissədə oyunun taleyini həll etməsinin vacibliyini vurğulayıb: “Oyunun taleyini ilk hissədə həll etdik və bunu etmək heç də asan deyildi. Üç gün əvvəl “İnter”ə qarşı oynamışdıq. Həmin qarşılaşma bizim üçün təkcə fiziki deyil, psixoloji baxımdan da ağır keçmişdi. Komandada müəyyən yorğunluq hiss etdim, əvəzetmələr etdim və oyunu sabitləşdirməyə nail olduq. Futbolçular hörmət və alqışlara layiqdirlər. Çünki çətin keçə biləcək matçın gedişatını dəyişməyi bacardıq”.
Qələbə sayəsində xallarını “Barselona” ilə bərabərləşdirən “Real” turnir cədvəlində liderlə eyni nəticəyə çatıb. Lakin Kataloniya klubunun bir oyunu ehtiyatda qalıb.
“Barselona” növbəti görüşünü bazar günü səfərdə “Levante”yə qarşı keçirəcək. “Real Madrid” isə çərşənbə axşamı “Elçe” ilə qarşılaşacaq. Bu oyundan sonra madridliləri səfərdə “Atletiko” ilə derbi gözləyir.