Argentina millisinin kapitanı və “İnter Mayami”nin ulduzu Lionel Messi futbolçu karyerasını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Argentinanın “Doble Amarilla” nəşrinin məlumatına görə, atası Xorxenin vəfatı təcrübəli hücumçunu bütün diqqətini ailəsinə yönəltməyə sövq edib.
Xorxe Messi avqustun 8-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Hadisənin ertəsi günü Lionel Messi və ailəsi doğma Rosario şəhərinə gəlib. Dəfn mərasimi ailənin istəyi ilə tamamilə qapalı şəraitdə, yalnız yaxın qohumların və dostların iştirakı ilə keçirilib.
Messinin hələ ki ABŞ-yə qayıtmaq planı yoxdur. O, kədərini yaşamaq və bu çətin günlərdə doğmalarının yanında olmaq üçün “İnter Mayami”dəki çıxışlarını təxirə salıb. Bu günlərdə həyat yoldaşı Antonella Rokkutsso, üç övladı, eləcə də anası və bacı-qardaşları ulduz futbolçunun yanındadır.
Argentina millisinin üzvləri də kapitanlarını bu çətin məqamda tək qoymurlar. Məlumata görə, Leandro Paredes, Nikolas Otamendi və Anxel Di Mariya başda olmaqla, bir çox futbolçu Messilə əlaqə saxlayaraq dəstəklərini ifadə ediblər. Ailə mərasimin məxfiliyini qorumaq istədiyi üçün heç bir komanda yoldaşı dəfndə iştirak etməsə də, yaxın günlərdə onların Messiyə evində baş çəkəcəyi gözlənilir.
Hazırda 39 yaşlı hücumçunun “İnter Mayami”nin heyətinə nə vaxt dönəcəyi dəqiq bilinmir. Lakin atasının itkisindən sonra Messinin ailəsini və hüzn dövrünü peşəkar öhdəliklərindən üstün tutması futbol ictimaiyyəti tərəfindən anlayışla qarşılanır.