Almaniyanın Frankfurt şəhərində karate üzrə Avropa çempionatı davam edir. Turnirin növbəti günündə Azərbaycanın komanda yarışlarındakı təmsilçiləri tatami üzərinə çıxacaqlar.
Qadınlardan ibarət yığmamız yarımfinalda Fransa kollektivi ilə qarşılaşacaq. Xatırladaq ki, millimiz turnir cədvəlinin yarımfinalına qədər olan yolda Şotlandiya, Polşa və Yunanıstan karateçiləri üzərində inamlı qələbələr qazanaraq yüksək hazırlıq səviyyəsi nümayiş etdirib.
Kişilərdən ibarət komandamız isə 1/8 final mərhələsi çərçivəsində Şotlandiya seçməsi ilə üz-üzə gələcək. Qeyd edək ki, karateçilərimiz 1/16 finalda İspaniya kimi güclü rəqibi mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə vəsiqə qazanıblar.
Çempionatın ilk iki günündə fərdi yarışlara qoşulan 11 idmançımızdan üçü medal uğrunda mübarizəni davam etdirir. Belə ki, Mədinə Sadıqova (55 kq) finalda qızıl medal uğrunda, Gülay Oruczadə (61 kq) və İrina Zaretska (68 kq) isə bürünc medal görüşlərində ölkəmizi təmsil edəcəklər. Final və bürünc medal görüşləri sabah keçiriləcək.
Xatırladaq ki, karate üzrə Avropa çempionatı mayın 24-dək davam edəcək.