Cənubi Amerikada futbol dünyasını təəccübləndirən qalmaqallı insident yaşanıb. Boliviyada Braziliyanın “San-Paulu” klubunun rəsmi rəngləri və loqosu ilə bəzədilmiş avtobus saxlanılaraq polis tərəfindən yoxlanılıb. Axtarış zamanı nəqliyyat vasitəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Məlumata görə, sözügedən avtobus “San-Paulu”nun Boliviyada olduğu müddətdə futbolçuların daşınması üçün nəzərdə tutulub. Lakin klubun Cənubi Amerika Kubokunda “Bolivar”la qarşılaşmaq üçün ölkəyə səfəri fonunda keçirilən yoxlama zamanı avtobusda narkotik maddələrin gizlədildiyi üzə çıxıb.
Polisin yaydığı fotolardan görünür ki, klubun rəngləri və simvolları ilə asanlıqla seçilən avtobus Mərkəzi Boliviyanın Koçabamba bölgəsində, koka bitkisinin geniş miqyasda yetişdirilməsi ilə tanınan Vilya-Tonari ərazisində saxlanılıb.
Axtarış zamanı avtobusdan içərisində “yaşılımtıl maddə” olan 65 düzbucaqlı paket aşkarlanıb. Hadisə yerində aparılan ilkin laboratoriya analizləri maddənin marixuana olduğunu təsdiqləyib. Yerli KİV-in məlumatına görə, narkotik vasitənin ümumi çəkisi təxminən 86 kiloqram təşkil edib.
Hadisə ilə bağlı avtobusun üç sürücüsü saxlanılıb. Boliviyanın narkotiklərlə mübarizə üzrə müvafiq qurumu da əməliyyat çərçivəsində üç şübhəlinin tutulduğunu rəsmən təsdiqləyib.
İnsidentin “San-Paulu” ilə əlaqələndirilməsinin qarşısını almaq üçün avtobusun sahibi olan yerli nəqliyyat şirkəti də açıqlama yayıb. Şirkət bildirib ki, Braziliya klubu sözügedən nəqliyyat vasitəsindən istifadə etməyib və komandanın sərəncamına başqa avtobus verilib.
“San-Paulu” Cənubi Amerika Kubokunun 1/16 final mərhələsinin ilk oyununda “Bolivar”la qarşılaşmaq üçün Boliviyaya səfər edib. Hadisənin klubun səfəri ilə eyni vaxta təsadüf etməsi isə insidentə xüsusi diqqət çəkib.