«Araz-Naxçıvan»ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 33-cü turunda «Zirə» üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.
Mütəxəssis görüşlə bağlı fikirlərini belə ifadə edib: «Qələbə qazanmaq hər zaman xoşdur. Meydanda futbol oynamağa çalışdıq. Rəqibimiz çox intizamlı, meydanda nə istədiyini bilən, məşqçi əli hiss olunan kollektiv idi. «Zirə» topu sadəcə uzaqlaşdırmır, futbol oynamağa çalışır. Buna görə də, belə rəqibə qarşı qələbə qazanmaq ikiqat xoşdur. Biz öz oyunumuzu rəqibə qəbul etdirməyə çalışdıq və yekunda buna nail olduq. Qələbəmiz tamamilə layiqli idi. Təəssüf ki, sadə vəziyyətlərdə kobud səhvlərə yol verdik. Bu da rəqibə inam verdi və qapımız qarşısında təhlükəli epizodlar yaratmalarına şərait yaratdı. Daha yüksək pillələri hədəfləyiriksə, meydanda daha soyuqqanlı olmalı, topa nəzarəti əldən verməməliyik. Oyunun sonlarında bir qədər şans bizdən yana oldu — penaltini dəf etməyimiz qələbəmizi rəsmiləşdirdi».