Dünya futbolunun canlı əfsanəsi Lionel Messi yaşıl meydanlardakı uğurlarını biznes müstəvisinə daşımaqda davam edir. “İnter Mayami”nin hücumçusu və səkkizqat “Qızıl top” mükafatçısı İspaniyanın Kataloniya bölgəsini təmsil edən “Kornelya” klubunun rəsmi sahibi olub.
Bayş-Lyoferqat təmsilçisinin rəsmi saytı bu böyük sövdələşməni təsdiqləyərək, argentinalı oyunçunun klubu rəsmən təhvil aldığını elan edib. Hazırda İspaniya futbolunun beşinci divizionunda (Tercera RFEF, 5-ci qrup) mübarizə aparan “Kornelya” yarımpeşəkar səviyyədə çıxış edir.
Klubun son illərdəki mənzərəsi elə də parlaq deyil. Belə ki, 2024-cü ildə üçüncü divizionda yer alan kollektiv, cəmi iki il ərzində iki liqa aşağı yuvarlanıb. Hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan komanda, liderdən 5 xal geri qalır və pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparır.
Ekspertlərin fikrincə, Messinin bu seçimi təsadüfi deyil. Ulduz futbolçunu kluba cəlb edən əsas amil “Kornelya”nın güclü futbol akademiyasıdır. Klubun yaydığı bəyanatda Messinin gənc istedadların inkişafına xüsusi önəm verdiyi vurğulanır.
Qeyd edək ki, “Kornelya” akademiyası dünya futboluna bir çox tanınmış simalar bəxş edib. “Arsenal”ın qolkiperi David Raya, Messinin keçmiş komanda yoldaşı Jordi Alba və “Barselona”nın hazırkı müdafiəçisi Jerar Martin məhz bu klubun yetirmələridir.
Görünən odur ki, Messi bu addımı ilə gələcəyin ulduzlarını yetişdirmək və “Kornelya”nı yenidən İspaniya futbolunun üst liqalarına qaytarmaq niyyətindədir.