Premyer Liqanın 2-ci turunda səfərdə “Qəbələ”ni minimal hesabla (1:0) üstələyən “Şəfa” həm ilk qələbəsini qazanıb, həm də rəqibini doğma meydanda xalsız qoyub. Paytaxt klubunun baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında ağır səfər sınağından uğurla çıxmalarının səbəblərindən danışıb. Mütəxəssis komandasının oyun planı və fiziki hazırlığını şərh etməklə yanaşı, azarkeşlərin maraqla gözlədiyi transfer məsələsinə də nöqtə qoyub.
Görüşü şərh edən Həşimov çətin Qəbələ səfərindən üç xalla dönməyin əhəmiyyətini xüsusi vurğulayıb: “Xoşbəxtlikdən, ilk üç xalımızı qazandıq və bunu məhz Qəbələdəki səfər matçında etdik. Hamımız bilirik ki, burada oynamaq necə çətindir. “Qəbələ” də yaxşı komandadır. Buranın spesifik iqlimi var, futbolçular bir müddət sonra təngnəfəs olmağa başlayırlar. Amma uşaqlar hər şeyin öhdəsindən gəldilər. Düzdür, zaman-zaman təşəbbüsü rəqibə verirdik, lakin bu da normaldır, bütün 90 dəqiqə ərzində üstünlük bizim tərəfimizdə ola bilməzdi. Bizim də, rəqibin də qol epizodları oldu. Yekun nəticədən və futbolçularımın çıxışından çox razıyam. Bu qələbəni klub rəhbərliyinə və bizi dəstəkləmək üçün Qəbələyə gələn azarkeşlərimizə həsr edirik”.
Baş məşqçi komandada yeni transferlərin olub-olmayacağı ilə bağlı suala konkret cavab verərək, heyətin artıq formalaşdığını bildirib: “Xeyr, yeni transferlər olmayacaq, biz bu məsələni artıq bağlamışıq. Əvvəlki açıqlamalarımda ‘daha da güclənməliyik’ deyəndə məhz mövcud komandanı, kollektivi nəzərdə tuturdum. Məsələn, bu gün Luis Felipe start heyətində meydana çıxdı, halbuki o, cəmi üçüncü həftədir bizimlədir. Elə futbolçumuz var ki, bu, onun heyətdə cəmi ikinci birgə oyunu idi. Güclənməliyik deyərkən həm fiziki hazırlığı, həm də oyunçular arasındakı anlaşmanı, oyun əlaqələrini nəzərdə tuturdum. Yəni, yeni oyunçu gəlişi gözlənilmir”.
“Şəfa”nın meydan sahibləri ilə müqayisədə fiziki cəhətdən daha yaxşi təsir bağışlamasinin yay toplanışının, yoxsa yeni transferlərin nəticəsi olması ilə bağlı fikirlərini bölüşən mütəxəssis, məsələyə kompleks yanaşdıqlarını qeyd edib: “Biz komandada balans yaratmağa çalışmışıq. Heyətimizdə 90 dəqiqəni problemsiz, eyni tempdə oynamağa qadir olan hazır futbolçularımız da var, fiziki forması hələ tam optimal səviyyədə olmayanlar da. Buna əvəzetmə imkanlarını və digər amilləri də əlavə etsək, mənzərə aydın olar. Biz bunları əvvəlcədən hesablamışdıq və matç boyu qüvvələri düzgün bölüşdürərək bu balansı qoruyub saxlamağa çalışırdıq”.