Niderland Futbol Federasiyasının baş katibi Gijs de Yonq FİFA rəsmilərinin milli assosiasiyalara Canni İnfantinonun prezidentliyə namizədliyini dəstəkləmələri üçün təzyiq göstərdiyini iddia edib.
O bildirib ki, FİFA-nın milli assosiasiyalarla əməkdaşlıq departamentinin direktoru Elxan Məmmədov bir gün ərzində ona üç dəfə zəng edərək İnfantinonun lehinə dəstək məktubu istəyib. De Yonq bunu yolverilməz təzyiq kimi qiymətləndirib.
UEFA iddiaların müstəqil və qərəzsiz araşdırılmasını tələb edib. Qurum analoji narahatlıqların başqa milli federasiyalar tərəfindən də səsləndirildiyini açıqlayıb.
FİFA isə ittihamları qəti şəkildə rədd edərək heç bir assosiasiyaya qərar verməsi üçün təzyiq göstərilmədiyini bildirib.
Qeyd edək ki, İordaniyadan da oxşar iddialar səsləndirilib. Məlumatlara görə, iyul ayına qədər 200-dən çox milli federasiya İnfantinonun dördüncü müddətə prezident seçilməsini dəstəkləyib. Seçkilər 2027-ci il martın 18-də Rabatda keçiriləcək. İnfantinonun rəqibləri Filip Diallo və Kozo Taciimadır.