Joze Mourinyo “Real”in hücumçusu Vinisius Juniorun komandadakı mövqeyi ilə bağlı müzakirələrə münasibət bildirib. Portuqaliyalı mütəxəssis “Alaves”lə La Liqa matçı öncəsi mətbuat konfransında heç bir futbolçunun əsas heyətdə yerinin təminatlı olmadığını vurğulayıb.
Gənc Yan Diomandenin komandaya qoşulması “Real”ın hücum xəttində rəqabəti daha da artırıb. İspaniya mətbuatı son vaxtlar Vinisiusun statusunu tez-tez müzakirə etsə də, Mourinyo braziliyalı futbolçunun son oyunlarda performansını yaxşılaşdırdığını qeyd edib. O, Vinisiusun media və azarkeşlər tərəfindən tənqid olunduğu dövrdə komanda yoldaşlarının ona göstərdiyi dəstəyin də vacibliyini vurğulayıb.
Vinisiusun ehtiyat oyunçular skamyasında qalacağı təqdirdə narazılıq edə biləcəyi ilə bağlı suala isə Mourinyo özünəməxsus tərzdə cavab verib: “Bu, onun problemidir, mənim yox”.
AS nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis bildirib ki, eyni qaydalar Vinisius, Kilian Mbappe və Cud Bellinqemə də şamil olunur. Onun sözlərinə görə, komandanın maraqları ayrı-ayrı futbolçuların şəxsi ambisiyalarından üstündür.
Mourinyo Vinisiusla Diomande arasında rəqabət olduğu barədə fikirləri də qəbul etməyib. O, soyunub-geyinmə otağındakı hər kəsin ortaq məqsəd uğrunda çalışdığını, qolları kimin vurmasının deyil, “Real”in fərqlənməsinin vacib olduğunu bildirib.
Baş məşqçi komandadakı oyun keyfiyyətindən və atmosferdən razı qaldığını söyləyərək qış transfer pəncərəsində heyətə yeni futbolçuların cəlb edilməsini də, kiminsə komandadan ayrılmasını da istəmədiyini açıqlayıb.“Qapı bağlıdır”, – deyə Mourinyo fikrini yekunlaşdırıb.