Premyer Liqanın XIII turunda “Kəpəz”i son dəqiqə qolu ilə 2:1 hesabı ilə məğlub edən “Turan-Tovuz”un baş məşqçisi Qurban Berdıyev qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis matçın çətin keçdiyini bildirib və rəqibin hücum və yarımmüdafiə xətlərində keyfiyyətli futbolçulara malik olduğunu vurğulayıb: “Çətin oyun oldu. ‘Kəpəz’lə matçlarımız həmişə ağır keçir. Rəqibin hücumda və yarımmüdafiədə keyfiyyətli futbolçuları var. Oyunçularımız xarakter göstərdi”.
Berdıyev penalti epizodu ilə bağlı suala cavabında həmin məqama baxmadığını və buna görə şərh verə bilməyəcəyini deyib.
Baş məşqçi Xorxe Silvanın yoxluğunun komandaya təsiri və qarşıdakı oyunlarda onun əvəzlənməsi ilə bağlı suala isə konkret cavab verməyib: “Futbolçuların hansı vəziyyətdə olacağını, kimin necə hazırlaşacağını görəcəyik”.
“Kəpəz”in baş məşqçisinin komandasının ən azı bir xala layiq olduğu barədə fikrinə münasibət bildirən Berdıyev isə qısa cavabla kifayətlənib: “Bu, onun fikridir”.