Premyer Liqanın 29-cu turu çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” qarşılaşması “ağ-qaralar” üçün ağır məğlubiyyətlə (1:5) başa çatıb. Oyundan sonra paytaxt təmsilçisinin məşqçisi Vitali Vernidub mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb və darmadağının səbəblərinə aydınlıq gətirib.
Hesabın belə böyük olması barədə danışan Vernidub, “Qarabağ”la aralarındakı səviyyə fərqini xüsusi vurğulayıb: “Etiraf etməliyik ki, biz “Qarabağ”la fərqli səviyyələrdəyik. Bu səviyyəyə çatmaq asan iş deyil, bunun üçün hər gün dayanmadan çalışmaq lazımdır. Futbolçularımız anlamalıdırlar ki, belə rəqibə qarşı tək motivasiya ilə oynamaq mümkün deyil”.
Məşqçi rəqibin yarımmüdafiə xəttindəki fərdi ustalığın oyuna ciddi təsir etdiyini bildirib. Pedro Bikalyo, Marko Yankoviç və Coni Montiel kimi oyunçuların ustalıq səviyyəsini qeyd edən Vernidub, Metyu İfeanyinin mərkəzdə tək qalması ilə bağlı tənqidlərə belə cavab verib: “Biz “Qarabağ”ı təhlil etməmişikmi? Əlbəttə, hazırlıq görmüşdük. Adlarını çəkdiyiniz futbolçular Çempionlar Liqasında öz sözünü deyən oyunçulardır. Həm futbolçular, həm də biz məşqçilər özümüzə sual verməliyik: ‘Daha yaxşı nə edə bilərdik?’ Hər kəs fərdi ambisiyalarını və xarakterini kənara qoyub, ilk növbədə ‘Neftçi’nin mənafeyini düşünməlidir”.
Qurban Qurbanovun gözlənilməz hücum taktikası və Musa Qurbanlının start heyətində yer alması “Neftçi” müdafiəsi üçün keçilməz sınağa çevrilib. Vernidub müdafiə xəttinin bu təzyiqə tab gətirə bilməməsini belə şərh edib: “Buna necə cavab verəcəyimi bilmirəm. Hazırlaşmağımıza baxmayaraq, rəqib hücumçu epizodlarda daha üstün oynadı və müdafiəmizi yardı. İndi hesab 1:5-dir və biz bunun ağırlığını hiss edirik. Azarkeşlərimizdən bu nəticəyə görə üzr istəyirəm“.
Dörd gün sonra yenidən rəqiblə qarşılaşacaq komandanın hansı tədbirlər görəcəyi isə maraq doğurur. Məşqçi heyətdə və taktikada dəyişikliklərin qaçılmaz olduğunu qeyd edib: “Növbəti oyunda fərqli ‘Neftçi’ görmək üçün heyətdə mütləq dəyişikliklər edəcəyik. Belə məğlubiyyətin sarsıdıcı təsiri qaçılmazdır. Lakin peşəkar futbolçu yıxıldığı yerdən durmağı bacarmalıdır. Səhvləri aradan qaldırmalı və az da olsa müsbət məqamlara tutunaraq irəli baxmalıyıq”.