Premyer Liqanın XXX turu çərçivəsində keçirilən “Kəpəz” – “Sumqayıt” (2:1) matçından sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç mətbuat konfransında maraqlı açıqlamalarla yadda qalıb. Komandasının məğlubiyyətini şərh edən mütəxəssis, oyundan çox hakim qərarlarına toxunub.
Kaplanoviç oyunun texniki tərəflərindən danışmaq istəmədiyini bildirərək, hakimlikdən narazılığını gizlətməyib: “Açığı, bu gün oyun haqqında danışmaq həvəsim yoxdur. Əslində hakimlikdən bəhs etməliyəm, amma bunu da etmək istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Lakin qapımıza təyin olunan ilk penalti epizodunu heç cür anlaya bilmirəm. Bəli, turnir cədvəlində təhlükəsiz zonadayıq, amma bu, bizə qarşı belə davranmağa əsas vermir. Bu, artıq neçənci dəfədir təkrarlanır. Bizim futbolçulara çox asanlıqla qırmızı vərəqə göstərilir”.
Məşqçi ilk penalti epizodunu analiz edərək digər oyunlarla müqayisə aparıb: “Birinci epizodda top əvvəlcə oyunçumuzun ayağına dəyir, oradan isə əlinə qayıdır. Digər komandaların matçlarında belə vəziyyətlərdə penalti verilmir. İkinci epizodla bağlı sualımız yoxdur, orada futbolçumuzun səhvi və qayda pozuntusu var idi. Saşa İliç isə artıq-əskik heç nə deməsə də, meydandan qovuldu”.
Qarşılaşmanın baş hakiminin əslən Gəncədən olması və vaxtilə “Kəpəz”in formasını geyinməsi ilə bağlı suala Kaplanoviç gülümsəyərək belə cavab verib: “Bunlar maraqlı faktlardır. Əslində bu, bir növ ədalətsizlikdir. Meydanda regionundan asılı olmayaraq hər kəs peşəkar davranmalıdır. Mən belə kənar amilləri düşünmək yox, öz komandamın oyununu analiz etməklə məşğul olmalıyam”.