“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandanın Avstriyadakı təlim-məşq toplanışını yekunlaşdırıb. Litvalı mütəxəssis klubun rəsmi saytına verdiyi geniş müsahibədə hazırlıq prosesinin detallarını bölüşüb və Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin “Nyu-Saints” klubuna qarşı keçiriləcək tarixi matç (7 iyul) öncəsi azarkeşlərə səslənib.
Toplanışın olduqca məzmunlu və səmərəli keçdiyini bildirən baş məşqçi, komandanın ağır iş qrafikindən keçdiyini vurğulayıb: “Avstriyada bizim üçün əla şərait yaradılmışdı. Hava şəraitinin həddindən artıq isti keçməsinə baxmayaraq, toplanış müddətində 19 məşq və 3 yoxlama oyunu keçirdik. Bu, futbolçularımıza öz oyun üslubumuzu və prinsiplərimizi yenidən xatırlatmaq üçün yaxşı fürsət oldu. Meydanda müsbət məqamlar çox idi, lakin düzəldilməli olan detallar da az deyil. Bu da normaldır, çünki yeni mövsümün hələ tam başlanğıcındayıq”.
Dambrauskas komandanın hazırkı planlarından və futbolçuların fiziki durumundan da bəhs edib. O, artıq əlavə fiziki yükləmələrə ehtiyac olmadığını diqqətə çatdırıb: “Artıq Bakıya qayıdırıq. Birgünlük istirahətin ardından cəmi iki məşq sessiyamız olacaq. Hazırda ən önəmli məsələ futbolçuların funksional bərpasını təmin etməkdir. Meydana gümrah və təravətli çıxmaq üçün komandaya istirahət lazımdır, əlavə fiziki yüklənməyə ehtiyac yoxdur. Taktiki və mental cəhətdən tam hazırıq, indi yeganə məqsədimiz komandaya fiziki gümrahlığı geri qaytarmaqdır”.
Təcrübəli mütəxəssis Avrokubok startı öncəsi “Sabah” azarkeşlərinə də xüsusi mesaj göndərərək, onları çərşənbə axşamı stadionu doldurmağa çağırıb: “Azarkeşlərimizə mesajım dəyişməzdir: İnanın, inanın və yenə də inanın! İstər yaxşı, istərsə də pis gündə komandanızın yanında olun. Futbolda məşhur bir deyim var: ‘Həyatda iki şeyi heç vaxt dəyişə bilməzsən – ananı və sevdiyin komandanı’. Əgər seçiminiz ‘Sabah’dırsa, çərşənbə axşamı hamınızı stadionda gözləyirik.
Biz meydanda 100 yox, 200 faizimizi qoymağa hazırıq. Lakin tribunalarda o lazımi enerjini, o möhtəşəm ab-havanı yaratmaq üçün sizin dəstəyiniz şərtdir. Ötən mövsüm böyük qələbələri birlikdə qazandıq, bütün bu yolu çiyin-çiyinə addımladıq. İndi isə tamamilə yeni mövsüm, Çempionlar Liqasında yeni başlanğıc və yeni bir tarixdir. Birlikdə yenə bacaracağıq!”