“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının əsas mərhələsinin III tur matçı öncəsi rəqibin son oyunlarda qol vura bilməməsini təhlükəli məqam kimi qiymətləndirib. Litvalı mütəxəssis hesab edir ki, bu uğursuzluq Almaniya təmsilçisini daha da motivasiya edəcək. Bununla belə, o, komandasının potensialına və hazırlıq prosesinə güvəndiyini vurğulayıb.
Bakı klubunun baş məşqçisi qarşılaşma öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Bu, bizim üçün müsbət xəbər deyil”
Dambrauskas əvvəlcə rəqibin son oyunlardakı nəticələrinə toxunub: “Rəqibimizin son iki matçda qol vura bilməməsindən başlamaq istəyirəm. Düşünürəm ki, bu, bizim üçün müsbət xəbər deyil. Əksinə, onlar daha da səfərbər olacaq, hücumdakı kəsərliyini bərpa etmək üçün daha çox çalışacaqlar.
Bununla belə, komandama, futbolçularımızın potensialına və oyuna hazırlığımıza tam inanıram. “Borussiya” haqqında çox danışmağa ehtiyac yoxdur. Bu, təkcə Almaniyanın deyil, dünya futbolunun nəhənglərindən biridir. Komanda özünəməxsus oyun fəlsəfəsinə və kollektiv anlayışa malikdir. Çox keyfiyyətli mütəxəssisin rəhbərlik etdiyi kollektivin hər mövqeyində lider futbolçular var”.
“Çempionlar Liqasının hər oyunu bizim üçün böyük təcrübədir”
Rəqibin oyun üslubuna toxunan litvalı mütəxəssis “Borussiya”nın topla sürətli davranmasını xüsusi vurğulayıb: “Bizi çox çətin oyun gözləyir. Rəqib topla olduqca sürətli oynayır. Bir daha qeyd etmək istəyirəm ki, Çempionlar Liqasının hər matçı bizim üçün böyük təcrübə və bir növ dərsdir. İnanıram ki, sabahkı qarşılaşma da potensialımızı və imkanlarımızı daha yaxşı dərk etməyimizə kömək edəcək”.
Xəyal Əliyev “Borussiya”ya qarşı oynayacaq?
Zədəsini sağaldaraq “Qəbələ” ilə görüşdə meydana çıxan Xəyal Əliyevin sabahkı matçda iştirak edib-etməyəcəyinə də aydınlıq gətirilib. Dambrauskas yekun qərarın son məşqdən sonra veriləcəyini bildirib: “Sərəncamımızda 20-dən çox futbolçu var. Bu axşam keçiriləcək son məşqdən sonra sabahkı oyunun iştirak ərizəsinə kimlərin daxil ediləcəyini müəyyənləşdirəcəyik. Xəyalın da siyahıda olub-olmayacağı məşqdən sonra bəlli olacaq”.
“Azarkeşlər enerjilərini komandaya ötürürlər”
“Sabah”ın baş məşqçisi dolu tribunaların komandaya əlavə güc verəcəyinə inandığını deyib. O, azarkeş dəstəyinin əhəmiyyətini vurğulamaqla yanaşı, nəticədən daha çox meydandakı oyuna kökləndiyini bildirib: “Dolu tribunalar hər bir futbolçu üçün əlavə motivasiyadır. Azarkeşlərin çoxluğu bizə yalnız sevinc verir, çünki onlar öz enerjilərini komandaya ötürürlər. Ümid edirəm ki, bu güclü dəstək həm oyunumuzda, həm də nəticədə əksini tapacaq.
Şansları faizlə qiymətləndirməyi sevmirəm. Məni daha çox komandamın necə futbol göstərəcəyi maraqlandırır. Meydanda tapşırıqları dəqiq yerinə yetirsək, oyun planımıza sadiq qalsaq və xüsusilə həlledici məqamlardakı detallara diqqət yetirsək, istədiyimiz nəticəni əldə edə bilərik”.
“Rəqibdən soruşun, görək neçə qol epizodu yaradacaq”
Mətbuat konfransının sonunda Dambrauskas jurnalistin “Sonuncu dəfə cinah müdafiəçiləri ilə oynayan ‘Orxus’a dörd qol vurmuşdunuz. ‘Borussiya’ya qarşı neçə qol vurmağı planlaşdırırsınız?” sualını yumorla qarşılayıb.
“Bacardığımız qədər çox qol vurmağa çalışacağıq. Amma yaxşı olar ki, siz bu sualı rəqibə ünvanlayasınız: görək, onlar neçə qol epizodu yaratmağı planlaşdırırlar?” – deyə litvalı mütəxəssis gülümsəyərək cavab verib.