Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın rəqibi olan İsrailin “Hapoel” (Beyer-Şeva) komandası UEFA tərəfindən maliyyə sanksiyalarına məruz qalıb.
Qitə futbol qurumu İsrail təmsilçisini ÇL-in təsnifat mərhələsində keçirdiyi oyunlarda azarkeşlərinin törətdiyi iğtişaşlara görə cəzalandırıb. Qərara əsasən, İslandiyanın “Vikinqur” klubu ilə matçdakı pozuntulara görə 6 000 avro, Serbiyanın “Srvena Zvezda” komandası ilə görüşlərdəki insidentlərə görə isə müvafiq olaraq 10 000 və 8 250 avro məbləğində cərimə kəsilib.
Bununla da, “bayquşlar”ın rəqibi yol verilən intizamsızlıqlara görə UEFA-ya ümumilikdə 24 250 avro ödəməli olacaq.
Xatırladaq ki, “Sabah” və “Hapoel” (Beyer-Şeva) arasında pley-off mərhələsinin cavab qarşılaşması avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Saat 20:45-də start götürəcək həlledici oyundan öncə üstünlük rəqib tərəfdədir – İsraildə keçirilən ilk matç “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.