UEFA bu günlərdə Çexiyanın “Karvina” klubunu danışılmış oyunlara görə Avropa Liqasının (AL) yeni mövsümündən kənarlaşdırmaq barədə rəsmi qərar qəbul edib. Bu cəza dolayısı ilə turnirdə ölkəmizi təmsil edəcək “Qarabağ”ın da mövqeyinə birbaşa və olduqca müsbət təsir göstərib.
“Karvina”nın kənarlaşdırılmasından sonra qitə futbol qurumu ölkə kubokunun qalibi üçün Avropa Liqasının pley-off mərhələsində nəzərdə tutulmuş yerin Plzen “Viktoriya”sına verilməsini qərara alıb. Öz növbəsində, “Viktoriya”nın turnirin 2-ci təsnifat mərhələsində boş qalan yerini isə digər Çexiya təmsilçisi “Hradets” (Kralove) tutacaq.
Bu zəncirvari dəyişikliklər turnirin püşkatma səbətlərində ciddi yerdəyişməyə səbəb olub. Belə ki, UEFA-nın son qərarına qədər yüksək reytinqə malik “Viktoriya” püşkatmada səpələnmişlər sırasında yer alırdı və bu, “Qarabağ”ın reytinq baxımından aşağı səbətə düşməsinə yol açırdı. Lakin “Viktoriya”nın birbaşa pley-offa yüksəlməsi və onun yerini zəif reytinqli “Hradets”in tutması vəziyyəti tamamilə dəyişib.
Bunun “Qarabağ” üçün əhəmiyyəti nədir? İndi 3-cü təsnifat mərhələsinin püşkatmasında “Hradets” səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, ağ-göylər 2-ci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti mərhələnin püşkündə səpələnmişlər (reytinqi daha yüksək olanlar) sırasında yer alacaq və nisbətən zəif rəqiblə qarşılaşacaq.
Xatırladaq ki, cəzalı duruma düşən “Karvina” klubu vaxtilə futbolçularının danışılmış oyunlarda iştirak etməsinə görə bu cəzanı alıb. Çexiya təmsilçisi faktiki olaraq oxşar problemlərlə üzləşən “Turan Tovuz”la eyni aqibəti bölüşüb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Qurban Qurbanovun yetirmələrinin ilk rəqibi isə İslandiyanın “Vestri” klubu olacaq.v