FIFA prezident Canni İnfantinonu vəzifədən kənarlaşdırmağı düşünürsə, böyük səhvə yol verir. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
“FIFA hansı səbəbdən olursa-olsun, prezident İnfantinonu dəyişdirmək imkanını nəzərdən keçirsə, dəhşətli səhvə yol verəcək.
O, fantastik insandır və tarixdə ən uğurlu dünya çempionatına rəhbərlik edib – özü də bunu dörd dəfə bacarıb. Əgər o getsə, FIFA heç vaxt əvvəlki qədər uğurlu və gəlirli olmayacaq”, – deyə Tramp bildirib.
Trampın İnfantinoya dəstəyi ABŞ Futbol Federasiyasının (US Soccer) mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, federasiya bazar ertəsi FIFA prezidentini tənqid edən bəyanat yayıb. Sənəd Kanada Futbol Federasiyası (Canada Soccer), eləcə də Mərkəzi Amerika və Karib hövzəsinin futbol qurumları ilə birgə dərc olunub.
İyulun sonunda FIFA turnirlərin kommersiya hüquqlarının investorlara satılmasına imkan verəcək müstəqil kommersiya şirkətinin yaradılması üzərində işlədiyini açıqlayıb. Maraqlanan potensial investorlar arasında Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşner də yer alıb.
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası (CONCACAF) və Asiya Futbol Konfederasiyası (AFC) bu təklifə kəskin etiraz edib. UEFA isə planın qəbul ediləcəyi təqdirdə dünya çempionatını boykot edə biləcəyini açıqlayıb.
Tənqidlərin miqyası o qədər geniş olub ki, FIFA avqustun 1-də bu plandan imtina etdiyini açıqlayıb. Lakin bu qərar UEFA-nı qane etməyib. Avropa futbol qurumu sonradan FIFA-ya olan etimadın itirildiyini bəyan edib.
Ötən həftəsonu Britaniyanın “The Telegraph” qəzeti isə İnfantinonun UEFA-nın baş katibi olduğu dövrdə bir qadınla münasibətdə olduğunu və həmin şəxsin qısa müddət ərzində bir neçə dəfə vəzifədə irəlilədiyini və maaş artımı aldığını yazıb.
Qəzetin məlumatına görə, UEFA-nın o vaxtkı prezidenti Mişel Platini məsələ ilə bağlı İnfantinodan izahat tələb etdikdən sonra həmin qadın işdən çıxarılıb və ona altı rəqəmli məbləğdə kompensasiya ödənilib. İnfantino və FIFA öz növbəsində bu iddiaları rədd edib.
Tramp və İnfantino ABŞ-da keçirilən futbol üzrə dünya çempionatının finalında İspaniyanın kuboku qazandığı mərasimdə də iştirak ediblər. İnfantinonun FIFA prezidentliyi üzrə hazırkı mandatı gələn ilin martında başa çatır. AFP-nin məlumatına görə, 55 yaşlı funksioner bundan sonra da prezidentliyə namizədliyini irəli sürəcək.