“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında “Dinamo Kiyev” üzərində qazanılan 2:0 hesablı (ilk oyun – 0:1) qələbəni dəyərləndirib. Klub rəhbəri komandanın çıxışından razı qaldığını və heyətin gücləndiriləcəyini vurğulayıb: “Möhtəşəm, bol hücumlu və açıq futbol izlədik. Yaradılan bütün imkanları reallaşdırmaq mümkün olmasa da, yaxşı oyun nümayiş etdirdik. ‘Dinamo’ böyük tarixə malik adlı-sanlı klubdur. 39 il əvvəl ‘Neftçi’ onları məhz burada 3:1 hesabı ilə məğlub etmişdi. Çox istəyirdim ki, biz də həmin uğuru təkrarlayaq.
Qarşıda bizə tanış olan ‘Tvente’ sınağı gözləyir. Əla komandamız var, sadəcə mükəmməl səviyyəyə çatmaq üçün bir az zamana ehtiyacımız var. Hələ bəzi çatışmazlıqlarımız olsa da, ambisiyalarımız çox böyükdür. Baş məşqçimizi tam dəstəkləyirik və hazırda daha iki yeni futbolçu axtarışındayıq. Mən bu komandaya inanıram!”.