“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə Bakıda keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb. Klubun rəsmi saytına istinadən xəbər verir ki, klub prezidenti komandanın qarşıdakı matçda uğur qazanacağına inamını ifadə edib.
“Ötən möhtəşəm mövsümü arxada qoyaraq 2026/27 mövsümünə böyük hədəflər və böyük inamla başladıq. Qarşıda bizi yenidən çox ciddi və məsuliyyətli sınaqlar gözləyir. Bu il heyətimizi bir çox mövqelərdə gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik. Seçim zamanı qarşıdakı oyunları və komandanın ehtiyaclarını da nəzərə aldıq. İnanıram ki, yeni transferlərimiz “Qarabağ”a fayda verəcək. Mən bu komandanın potensialına bütün qəlbimlə güvənirəm.
Həmişə olduğu kimi, bu gün də Qurban Qurbanovun yanındayam. Onunla birlikdə uzun illər ərzində böyük uğurlar yaşamışıq və onun bu komandaya olan sevgisini, sədaqətini çox yaxşı bilirəm. Qurban Qurbanovun futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, qarşıdakı günlərdə futbolçularımız bizə yenidən qürur duyacağımız gözəl anlar yaşadacaqlar.
İndi isə azarkeşlərimizə müraciət edirəm: komandaya inanın və tribunadan bu inamı futbolçularımıza hiss etdirin. Bizi “Dinamo” ilə çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi və azarkeşlərin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir. Gəlin, hamımız birlikdə yumruq kimi birləşək, komandamızı bütün qəlbimizlə dəstəkləyək və tribunadan “Qarabağ”a olan inamımızı göstərək”, – deyə Gözəl bildirib.