Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) yaydığı məlumata görə, sinxron üzgüçülük üzrə yığma komandamızın baş məçqşi postuna Ekaterina Matviyenko gətirilib. Təcrübəli mütəxəssis karyerası ərzində Ukrayna, Misir və Rusiyada çalışıb.
Son olaraq Krasnodar klublarından birində məşqçi işləyən Matviyenko təyinatı ilə bağlı fikirlərini bölüşərkən iddialı hədəflərini açıqlayıb: “Mən dünya sinxron üzgüçülüyünün ən güclü məktəblərindən biri hesab olunan Rusiyanı təmsil edirəm. Əsas məqsədim zəngin təcrübəmdən yararlanaraq həm paytaxt Bakıda, həm də regionlarda bu idman növünün populyarlaşmasına nail olmaq, texniki bazanı möhkəmləndirmək və idmançılarımızın peşəkar inkişafına töhfə verməkdir”.
Eyni zamanda, Azərbaycan Üzgüçülük Federasiyası millidən ayrılan sabiq məşqçi Oksana Pismennayaya göstərdiyi xidmətlərə və gördüyü işlərə görə təşəkkürünü bildirib.