Premyer Liqanın 29-cu turunda səfərdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edən “Sumqayıt”ın baş məşqçisi Saşa İliç qarşılaşmadan sonra mətbuat konfransında iştirak edib. Serbiyalı mütəxəssis həm qələbəni şərh edib, həm də son vaxtlar barəsində yayılan xəbərlərə sərt reaksiya verib.
Təcrübəli mütəxəssis mətbuatda onun haqqında çıxan xəbərlərdən narazılığını dilə gətirib: “Mətbuatda son vaxtlar haqqımda neqativ informasiyalar yayılır. Bu, həm mənə, həm də kluba qarşı böyük ədalətsizlikdir. Futbolçularla heç bir problemim yoxdur. Xahiş edirəm ki, məqalə yazarkən real faktlara əsaslanasınız. Əgər belə hallar təkrarlanarsa, növbəti mətbuat konfranslarına qatılmayacağam. Oyuna gəldikdə isə, bizim üçün vacib olan 3 xalı qazandıq”.
Məşqçi komandanın kapitanı Səbuhi Abdullazadənin meydandakı etirazlarına və əvəzlənməsinə də aydınlıq gətirib: “Səbuhiyə böyük hörmətim var, o, millinin vacib üzvüdür və böyük potensiala malikdir. Onu bəyənmədiyimi deyə bilmərəm, sadəcə oyununda bəzi dəyişikliklər etməlidir. Futbolda əvəzlənmə normal haldır. Rəhbərliklə müzakirə aparmışıq. Mövsümün qalan hissəsində gənc oyunçulara daha çox şans vermək qərarına gəldik. Strategiyamız bundan ibarətdir”.
Gələcək taleyi ilə bağlı sualı isə o, belə cavablayıb: “Hazırda bütün diqqətimizi qarşıdakı dörd oyuna yönəltmişik”.İliç avrokubok şansları və Nikola Nikoviçin reallaşdıra bilmədiyi penalti barədə də danışıb: “Avrokuboklar uğrunda mübarizə aparırsansa, birbaşa rəqiblərinlə oyunlarda xal itirməməlisən. Penalti məsələsinə gəldikdə isə, futbolda belə hallar olur. Daha əvvəl Rüstəm Əhmədzadə də dəqiq olmamışdı. Nikoviç bizim üçün dəyərli oyunçudur. Növbəti penaltini kimin vuracağını isə zaman göstərəcək”.