Azərbaycan Basketbol Liqasında (ABL) finalçıların adı müəyyənləşir. Yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində növbəti oyun günü geridə qalıb.
Günün yeganə matçında “Gəncə” doğma meydanda “Sabah”ı qəbul edib. Gərgin keçən mübarizə paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
“Gəncə” – “Sabah” – 73:78 (21:23, 16:15, 18:19, 18:21)
ilk oyun: 67:95
“Sabah”ın heyətində 20 xal və 10 ribaundla dabl-dabl edən Castin Tilman qələbədə böyük pay sahibi olub.
Bu qələbə sayəsində seriyada hesabı 2:0 edən “Sabah” finala vəsiqəni rəsmiləşdirib.
Yarımfinalın digər cütlüyündə isə ikinci qarşılaşma sabah baş tutacaq. İlk oyunda məğlub olan “ağ-qaralar” (89:95) seriyada tarazlığı bərpa etməyə çalışacaqlar.
26 aprel 14:00. “Neftçi” – “Abşeron Layons”
Qeyd edək ki, reqlamentə əsasən, iki qələbə qazanan tərəf finala vəsiqə əldə edəcək. Əgər sabahkı qarşılaşmada “Neftçi” qalib gələrsə, seriyada tarazlıq yaranacaq və finalçının adına həlledici üçüncü oyunda aydınlıq gələcək.