“Sabah” bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində həm ən çox qələbə qazanan, həm də ən çox qol vuran komanda kimi diqqət çəkir.
UEFA-nın rəsmi saytında yer alan statistik göstəricilərə əsasən, “Sabah” keçirdiyi 6 oyunun 5-də qalib gəlib, yalnız birində məğlub olub. “Bayquşlar”ın yeganə uğursuzluğu III təsnifat mərhələsinin Danimarkada “Orxus”a qarşı keçirilən ilk oyununda qeydə alınıb – 1:2. “Sabah” cavab görüşündə isə rəqibini 4:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib.
Bakı təmsilçisi məhsuldarlığı ilə də seçilir. “Sabah” bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində rəqib qapılarına 12 qol vuraraq turnirin bu mərhələsində ən yüksək göstəriciyə malik komandadır.
Fərdi statistikada isə “Sabah”ın futbolçuları bir sıra kateqoriyalarda ön sıralarda qərarlaşıb. Serbiyalı yarımmüdafiəçi Velko Simiç 6 oyunda 5 qol vuraraq təsnifat mərhələsinin bombardirlər siyahısına başçılıq edir.
Almaniyalı hücumçu Coy-Lens Mikels ən çox qol epizodu yaradan futbolçuların reytinqində liderdir. Yeri gəlmişkən, onun hesabında 3 qol var. Polşalı müdafiəçi Timoteuş Puxaç isə hücumların qurulmasında ən fəal futbolçular sırasında ikinci pillədə yer alır.
“Sabah”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsa isə intizam göstəricilərinə görə təsnifat mərhələsinin ən yaxşı ikinci futbolçusudur.
Qeyd edək ki, “Sabah” III təsnifat mərhələsində “Orxus”u iki oyunun nəticəsinə əsasən 5:2 hesabı ilə mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
Masazır təmsilçisinin növbəti mərhələdə İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq. “Sabah” ilk oyunu avqustun 19-da Buxarestdə, cavab qarşılaşmasını isə avqustun 25-də Bakıda keçirəcək.