“Real”ın düşərgəsində gərginlik pik həddə çatıb. İspaniyanın nüfuzlu nəşrləri “El Mundo” və “Marca” klub daxilində baş verən və xəstəxana ilə nəticələnən ciddi insident barədə şok detallar yayıb.
“Marca” nəşrinin məlumatına görə, komandanın növbəti məşqindən sonra Federiko Valverde və Oreluen Çuameni arasında şiddətli mübahisə yaranıb. Söz davası qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Şahidlərin bildirdiyinə görə, tərəfləri ayırmaq üçün komanda yoldaşlarının müdaxiləsinə ehtiyac yaranıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri və kəsiklər alan uruqvaylı yarımmüdafiəçi təcili tibbi yardım üçün xəstəxanaya yerləşdirilib. “El Mundo” nəşrinin jurnalisti Abraham P. Romeronun məlumatına görə, həkimlər futbolçuya ən azı bir həftə yaşıl meydanlardan uzaq qalmağı tapşırıblar. Madriddəki mənbələr Çuameni ilə toqquşma zamanı baş nahiyəsindən ciddi zərbə alan Valverdenin məcburi reabilitasiya kursu keçəcəyini və məşqlərdən tamamilə kənarlaşdırıldığını təsdiqləyib.
“‘Barselona” ilə kritik matçın astanasında baş verən bu hadisə “Real” üçün gözlənilməz və sarsıdıcı zərbə olub. Komandanın əsas fiqurlarından biri olan Valverdenin məhz daxili münaqişə səbəbindən sıradan çıxması azarkeşlər arasında böyük narazılığa səbəb olub. Onları qəzəbləndirən əsas məqam isə zədənin oyun epizodunda deyil, nizam-intizamsızlıq nəticəsində yaranmasıdır. Hazırda klub rəhbərliyinin hər iki futbolçu ilə bağlı hansı intizam tədbirləri görəcəyi maraqla gözlənilir.