“Sabah”a qarşı keçirilən matçda əzmkar qələbə (2:1) qazanan İsrailin “Hapoel Beer-Şeva” klubunun baş məşqçisi Ran Kojux oyundan sonrakı mətbuat konfransında fikirlərini bölüşüb. Qələbəyə sevinən çalışdırıcı təmkinlə hələ yolun yarısında olduqlarını diqqətə çatdırıb.
Baş məşqçi qalib gəldikləri üçün komandasını təbrik edib, ancaq arxayınlaşmağa əsas olmadığını bildirib: “Təbrik edirəm, amma bu, hələ yolun yarısıdır. Biz bu qələbəyə layiq idik. Hazırlaşdığımız ssenari baş verdi, çünki onlar əks-hücumlarda çox yaxşı oynayırlar. Qoldan əvvəl köməkçimə səhvə yol verdiyimizi bildirdim. Rəqibin üstün cəhətləri var və onlardan necə istifadə etməyi yaxşı bacarırlar. Mərhələni adlamaq üçün daha dəqiq oynamalıyıq”.
Kojux cavab matçında “Hapoel”i gözləyən təhlükə barədə xəbərdarlıq edib və “Sabah”ın əvvəlki mərhələdəki çıxışını nümunə çəkib: “Rəqibə qarşı diqqəti azaldıb irəli çox sayda oyunçu ilə atılanda, edilən səhvlər təhlükəli vəziyyətlərə gətirib çıxara bilər. Əlimizdə olanla kifayətlənməli və təvazökar qalmalıyıq. Əvvəlki mərhələdə rəqibləri ilk oyunda 2:1 qalib gəlsə də, səfərdə ‘Sabah’a 4:0 hesabı ilə uduzmuşdu”.
Mütəxəssis texniki heyətin, futbolçuların və azarkeşlərin xidmətini xüsusi vurğulayıb: “Komandam ‘Sabah’la oyuna hazırlaşarkən normadan artıq çalışdı. Rəqibi analiz edən texniki heyətə və ən yaxşı tərəflərini göstərən futbolçularıma böyük minnətdarlığımı bildirirəm. Stadionda olan azarkeşlərə də təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə onları daha çox görəcəyik və ev stadionumuz ‘Törner’in ab-havasını tam hiss edəcəyik. Onlara ehtiyacımız var.”
Sonda Kojux dönüş yaratdıqları oyunda komandasının nümayiş etdirdiyi xarakterdən və əsas hədəfə gedən yoldan danışıb: “Biz həm öz oyun prinsiplərimizi, həm də rəqibin fəlsəfəsini necə anladığımızı sübut edərək böyük xarakter nümayiş etdirdik. Cavab matçında da eynisini etməyə çalışacağıq. Çempionlar Liqasına getdikcə daha da yaxınlaşırıq. Bu gün qələbəni qeyd etməyə haqqımız çatır, amma sabah hər şeyə yenidən başlayacağıq”.