UEFA Konfrans Liqasında Estoniyanın “Payde” klubuna məğlub olaraq avrokuboklarla vidalaşan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov cavab qarşılaşmasından (1:1) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis hər iki matçda böyük üstünlük tərəfi olsalar da, şanssızlıq və israfçılıq ucbatından mərhələni keçə bilmədiklərini vurğulayıb.
Rəşad Sadıqov oyundan sonra keçirdiyi mətbuat konfransında nəticənin komanda üçün son dərəcə ağır və məyusedici olduğunu bildirib. Baş məşqçi qarşılaşmanı uzun-uzadı şərh etməyin çətin olduğunu qeyd edərək, erkən qol vurduqlarını və bundan sonra çoxsaylı qol epizodları yaratdıqlarını xatırladıb.
Mütəxəssis komandasının qol imkanlarından yararlana bilməməsini məğlubiyyətin əsas səbəbi kimi göstərib: “3-4 oyuna bəs edəcək qədər təhlükəli epizodlarımız oldu. Amma top sanki qapıdan keçmək istəmirdi. Hər dəfə ya dirəyə dəyirdi, ya müdafiəçidən, ya da qapıçıdan qayıdırdı. Futbolda belə şansları boşa verəndə, adətən, bunun cəzasını çəkirsən. Bu gün də eyni ssenari ilə üzləşdik”.
Sadıqov rəqibi mərhələ adlaması münasibətilə təbrik etsə də, iki oyunun ümumi mənzərəsinə əsasən, növbəti mərhələyə yüksəlməyə daha çox “Zirə”nin layiq olduğunu vurğulayıb: “Rəqibi təbrik edir, növbəti oyunlarda onlara uğurlar arzulayıram. Lakin hər iki matçın ümumi mənzərəsinə baxsaq, mərhələni keçməyə layiq olan tərəf biz idik. Təəssüf ki, meydandakı üstünlüyümüzü nəticəyə çevirə bilmədik”.