«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sına penaltilər seriyasında məğlub olduqları cavab oyunundan (0:0, pen. 4:5) sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis matçla bağlı bunları deyib: «İlk növbədə rəqibi təbrik edirəm. ÇSKA-nın keyfiyyətli komanda olduğunu demişdim – nəticə də güclərimizin bərabər olduğunu göstərdi. Geniş danışmağa ehtiyac yoxdur: futbolçularım meydanda əsl xarakter göstərdilər və onların oyuna yanaşmasından razı qaldım. Aydındır ki, mövsümün bu mərhələsində 120 dəqiqə oynamaq komanda üçün ağır idi, heyət belə gərginliyə hələ tam hazır deyil. Qol vura bilməməyimiz və bəzi epizodlardakı texniki səhvlər də məhz yorğunluqla bağlıdır. Lakin mənim üçün əsas olan komandanın son saniyəyə qədər mübarizə aparmasıdır. İnanıram ki, bu çatışmazlıqları tədricən aradan qaldıracağıq.
Savonun zədələnməsinə gəlincə, bu da həddindən artıq yüklənmənin nəticəsidir. O, sürətli oyunçudur və belə tempdə zədələr qaçılmaz olur. Nəticədən asılı olmayaraq, azarkeşlərin zövq aldığı maraqlı matç izlədik. İndi bütün diqqətimizi növbəti oyuna yönəldəcəyik».