Azərbaycan kubokunun 2026/27-ci illər mövsümü həm yüksək məhsuldarlıq, həm də tarixi ilkə səhnə olub.
Peşəkar Futbol Liqasının məlumatına görə, turnirin II təsnifat mərhələsinin 12 qarşılaşmasında 71 qol vurulub. Bu, yarışın 2023/24-cü illər mövsümündən tətbiq olunan hazırkı formatında həmin mərhələ üçün rekord göstəricidir.
Müqayisə üçün, əvvəlki mövsümlərdə II təsnifat mərhələsində 2023/24-cü illərdə 11 oyunda 41, 2024/25-ci illərdə 11 görüşdə 55, 2025/26-cı illərdə isə 12 matçda 49 qol qeydə alınmışdı. Cari mövsümdə orta məhsuldarlıq hər oyuna 5,92 qol təşkil edib.
I təsnifat mərhələsində də yüksək məhsuldarlıq qeydə alınıb. Altı qarşılaşmada 36 qol vurulması ilə birlikdə turnirin təsnifat mərhələlərində keçirilən 18 oyunun ümumi qol sayı 107-yə çatıb. Orta məhsuldarlıq 5,77-dir. Bu da indiki formatda Azərbaycan kubokunun təsnifat mərhələləri üçün yeni rekorddur. Əvvəlki üç mövsümdə 1/8 finala qədər keçirilən oyunlarda müvafiq olaraq 58, 80 və 72 qol vurulmuşdu.
Mövsümün digər diqqətçəkən hadisəsi isə II Liqa təmsilçisi “Marafon”un uğurudur. Sabirabad klubu tarixində ilk dəfə ölkə kubokunun 1/8 finalına yüksəlməklə bu mərhələyə vəsiqə qazanan ilk II Liqa komandası olub. Turnirin debütantı əvvəlcə “Dinamo”nu 3:0, ardınca I Liqa təmsilçisi “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 2023/24-cü illər mövsümündən tətbiq olunan formatda II Liqa komandalarının iştirak etdiyi I təsnifat mərhələsini adlayan bütün klublar növbəti raundda mübarizəni dayandırmışdı. Həmçinin II təsnifat mərhələsində aşağı dəstə təmsilçilərinin iştirakı ilə keçirilən digər 25 duelin heç birində 1/8 finala vəsiqəni II Liqa klubu qazana bilməmişdi. “Marafon” bu ənənəni də pozub.
Sabirabad təmsilçisinin 1/8 finaldakı rəqibi “Araz-Naxçıvan” olacaq. Qarşılaşmanın dekabrın 1-də və ya 2-də keçirilməsi nəzərdə tutulub.
II təsnifat mərhələsinin nəticələri:
“Şimal” – “Araz-Naxçıvan” 0:6
“Marafon” – “Zaqatala” 1:0
“İmişli” – “Qaradağ Lökbatan” 4:1
“Kür-Araz” – “Sumqayıt” 0:11
“Qəbələ” – “Mingəçevir” 3:0
MOİK – “Şahdağ Qusar” 1:9
“Xankəndi” – “Gəncəbasar” 2:3
“Hypers” – “Şamaxı” 1:5
“Şəfa” – “Ağstafa Gəncləri” 9:2
“Zəngəzur” – “Karvan-Yevlax” 1:4
“Səbail” – “Zirə” 2:2 (penaltilər – 2:3)
“Kəpəz” – “Baku Sportinq” 3:1