Honkonqda şahmat üzrə klublararası dünya çempionatı davam edir. İyunun 21-də başa çatacaq turnirin mükafat fondu 500 000 avrodur.
Mundialın dördüncü günündə blits yarışlarına start verilib. Reqlamentə əsasən, 12 komanda 4 qrupda mübarizə aparır.
Azərbaycanı turnirdə təmsil edən “Odlar Yurdu” (Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov) D qrupunda qərarlaşıb. Qrup mərhələsini 15 xalla 3-cü sırada tamamlayan komandamız 1/8 finala yüksəlib. Bu mərhələdə şahmatçılarımız Özbəkistan kollektivi ilə qarşılaşacaqlar.
Xatırladaq ki, “Odlar Yurdu” daha əvvəl keçirilən rapid yarışlarını 15 xalla 11-ci pillədə başa vurmuşdu.
Turnirdə çıxış edən digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov Qazaxıstanın “KazChess” klubunun heyətində mübarizə aparır. Onun komandası blits yarışlarında qrup mərhələsini 18 xalla 2-ci pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.
“KazChess” 12 turdan ibarət rapid yarışlarında isə 15 xal toplayaraq 7-ci yeri tutmuşdu.