Braziliya millisinin ulduz futbolçusu Neymarın zədə səbəbindən yaşıl meydanlardan uzaq qalması ölkə prezidenti Luiz İnasio Lula da Silvanın da diqqətindən qaçmayıb. Gənclər və onların valideynləri ilə keçirilən görüşlərin birində dövlət başçısı “selesao”nun hazırkı lideri ilə bağlı suala ironik cavab verib: “Neymar dünya çempionatı tarixində heyətə çağırılan, lakin məşqlərə distant qatılan ilk futbolçudur”.
Prezidentin bu sözləri qısa müddətdə sosial şəbəkələrdə trendə çevrilib. Xatırladaq ki, ulduz hücumçu yığmanın heyətində sonuncu rəsmi oyununu 2023-cü ilin oktyabrında Uruqvaya qarşı keçirib və həmin matçda çarpaz bağları qopub. Hazırda isə o, baldır əzələsindəki zədə səbəbindən komandadan ayrı qalıb.
Neymarın yoxluğuna baxmayaraq, Braziliya millisi DÇ-2026-nın qrup mərhələsinin son oyununda Haitini 3:0 hesabı ilə məğlub edərək pley-offa vəsiqəni təmin edib. Lakin baş məşqçi Karlo Ançelotti qələbəyə rəğmən komandanın oyunundan tam razı qanmayıb: “Daha keyfiyyətli futbol gözləyirdim. Müdafiədə səhvləri azaltmalı, hücumda isə daha effektiv olmalıyıq”.
İtalyan mütəxəssis hücum xəttindəki mövcud boşluğu məhz 34 yaşlı Neymarın qayıdışı ilə həll etmək niyyətindədir.
Braziliya Futbol Konfederasiyasının (CBF) məlumatına görə, bərpa prosesinin son mərhələsində olan ulduz oyunçu hazırda Nyu-Cersidəki xüsusi düşərgədə fərdi məşqlər edir. Onun bazar ertəsi komandanın ümumi hazırlığına qoşulacağı gözlənilir.