“Nottingem Forest”in sahibi Evanqelos Marinakis Londonun “Kristal Pelas” klubunu məhkəməyə verib. BBC-nin yaydığı məlumata görə, yunanıstanlı iş adamı rəqib klubu böhtan atmaqda ittiham edir.
Keçən ilin avqust ayında Premyer Liqa çərçivəsində keçirilən “Kristal Pelas” – “Nottingem Forest” matçında meydan sahiblərinin azarkeşləri tribunalarda böyük rezonansa səbəb olan təhqiredici pankart açıblar. Pankartda “Forest”in sahibi silahı komandanın ulduz futbolçusu Morqan Gibbs-Uaytın alnına tuşlamış vəziyyətdə təsvir olunub.
BBC-nin məlumatına görə, Marinakis bu təsvirə görə “Kristal Pelas”a qarşı böhtan iddiası ilə məhkəməyə müraciət edib. İş hazırda məhkəmənin baxışındadır. Pankartda, həmçinin Gibbs-Uaytın ağzından çıxan danışıq buludunda belə bir yazı yer alıb: “Cənab Marinakis şantaj, danışılmış oyunlar, narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya korrupsiya ilə əlaqəsi yoxdur”.
Marinakisin daha əvvəl də buna bənzər ittihamları rədd etdiyi bildirilir.
Noyabrda İngiltərə Futbol Assosiasiyası (FA) azarkeşlərin intizamsızlığının qarşısını ala bilmədiyi üçün “Kristal Pelas”ı cərimələsə də, yunanıstanlı funksioner məsələni hüquqi müstəviyə daşımaq qərarına gəlib.
“Kristal Pelas”la “Nottingem Forest” arasında münasibətlər son illərdə bir sıra məsələlərə görə gərginləşib. “The Guardian”ın yazdığına görə, ötən yay “Forest” “Kristal Pelas”da çoxklublu sahiblik qaydalarının pozulması ilə bağlı narahatlığını UEFA-ya məktubla çatdırıb.
Bundan sonra “Kristal Pelas” Avropa Liqasından kənarlaşdırılaraq daha aşağı səviyyəli Konfrans Liqasına göndərilib. Avropa Liqasında onun yerini isə əvvəlcə Konfrans Liqasına vəsiqə qazanan “Nottingem Forest” tutub. Münasibətləri kəskinləşdirən digər məqam isə “Kristal Pelas”ın sabiq baş məşqçisi Oliver Qlasnerin növbəti mövsümdən “Nottingem Forest”in sükanı arxasına keçəcəyidir. Bütün bunlarla yanaşı, ötən yay “Tottenhem”ə keçməyə çox yaxın olan Morqan Gibbs-Uaytın transferinə də məhz E. Marinakisin veto qoyması tərəflər arasındakı ziddiyyətləri daha da dərinləşdirib.