“Neftçi”nin baş məşqçisi Yuri Vernıdub Ukraynanın “Veres” (Rivne) klubunun müdafiəçisi Kay Çipotun transferində maraqlıdır. Bu barədə məlumatı ukraynalı jurnalist İqor Burbas yayıb.
Paytaxt təmsilçisi 25 yaşlı futbolçunu heyətinə qatmaq üçün ikinci dəfə şansını sınayır. İyul ayında tərəflər arasında aparılan danışıqlarda razılıq əldə olunmamışdı. Lakin müdafiə xəttindəki problemi həll edə bilməyən bakılılar Sloveniyanın U-21 millisinin sabiq üzvünün kandidaturasına yenidən qayıtmaq qərarına gəliblər.
Rivne klubunun bu transferə razılıq verə biləcəyi vurğulanır. Buna səbəb “Veres”in həmin mövqeyə artıq braziliyalı Andreyi transfer etməsidir. “Neftçi”nin sloveniyalı legioner üçün təxminən 400 min avro təzminat ödəməli olacağı bildirilir.
Mövsümün startını kor bağırsaq (apandisit) əməliyyatı keçirdiyi üçün buraxan Tsipot, ötən mövsüm “Veres”in şərəfini qoruduğu 31 rəsmi matçda 3 qolla yadda qalıb. Müdafiəçinin Ukrayna təmsilçisi ilə müqavilə müddəti 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.