UEFA Çempionlar Liqasında mübarizə aparacaq Türkiyə təmsilçiləri “Fənərbaxça” ilə “Qalatasaray” haqqında portuqaliyalı mütəxəssis Joze Mourinyonun kəskin fikirlər səsləndirdiyi iddia edilir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, təcrübəli çalışdırıcıya “Hansı Türk klubu Avropada daha uğurlu olar?” sualı ünvanlanıb. Mourinyonun isə cavabında “sarı-lacivertlilər”in üstünlüyünü vurğulayarkən, “Qalatasaray”ın ünvanına ağır ittihamlar səsləndirdiyi bildirilir: “Bir tərəfdə oyunları meydanda qazanmağa çalışan komanda, digər tərəfdə isə çirkin oyun və hakim qərarları sayəsində nəticə əldə etmək istəyən başqa bir kollektiv var. Əlbəttə ki, ‘Fənərbaxça’ Avropada daha uğurlu olacaq”.
Sözügedən bəyanatda “Fənərbaxça”nın təmiz mübarizə apardığı, digər İstanbul klubunun isə hakim köməyi və qeyri-idman hərəkətləri ilə qalib gəlməyə çalışdığının iddia edilməsi böyük rezonans doğurub. Bununla belə, Mourinyonun həqiqətən bu sözləri dediyini təsdiqləyən hər hansı rəsmi mənbə, audio və ya video kadr yoxdur. Bu səbəbdən yayılan məlumatlar sadəcə təsdiqlənməmiş iddia kimi qiymətləndirilir.