UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Sabah” doğma meydanda əsl xarakter nümayiş etdirərək Danimarkanın “Orxus” klubunu darmadağın edib – 4:0. Səfərdəki 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan təmsilçimiz, ümumi nəticədə 5:2 hesablı qələbə qazanaraq həm pley-off mərhələsinə vəsiqə əldə edib, həm də ən azı Avropa Liqasının əsas (liqa) mərhələsində iştirakını rəsmiləşdirib.
Matça fəal başlayan Bakı təmsilçisi ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq Djoy-Lans Mikkels və Orfe Mbina ilə rəqib qapısında təhlükələr yaratsa da, son zərbələrdə dəqiqlik çatmayıb. Taymın sonlarında (43-cü dəqiqə) qonaqlar kəsərli əks-hücumla yadda qalıb. Lakin Karstensen və Boqerenin yaxın məsafədən ardıcıl zərbələrini qapıçı Stas Pokatilov möhtəşəm seyvlərlə dəf edərək komandasını real qoldan xilas edib.
Fasilədən sonra meydana daha aqressiv və istəkli çıxan Valdas Dambrauskasın komandası rəqibə heç bir şans verməyib. 57-ci dəqiqədə Ksander Severinanın oyuna daxil olması isə hücum xəttinə əlavə dinamika qatıb.
Oyunun qol rəqsi 59-cu dəqiqədə başlayıb. Velko Simiç cərimə meydançasında çətin vəziyyətdə topa sahib çıxaraq baxımlı zərbə ilə rəqib qapısının kilidini açıb. Cəmi səkkiz dəqiqə sonra “Sabah” fərqi ikiyə çatdırıb: Aləksey İsayevin standart vəziyyətdən cərimə meydançasına asmasını Stiv Solve dəqiq baş zərbəsi ilə tora qovuşdurub və ikioyunluq duel çərçivəsində üstünlüyü qəti olaraq təmsilçimizə qazandırıb. Meydan sahibləri hücum tempini azaltmayaraq 79-cu dəqiqədə rəqibin mərkəzdə buraxdığı kobud səhvdən maksimum yararlanıblar. Bu epizodda Simiçin pası ilə qapıçıyla təkbətək qalan Djoy-Lans Mikkels ikinci cəhddə topu tora göndərməyi başarıb. Matçda son nöqtə isə əsas vaxtın bitməsinə bir dəqiqə qalmış qoyulub. 89-cu dəqiqədə Akim Zedadkanın fəal pressinqi sayəsində topu ələ keçirən Severina cərimə meydançasına daxil olub və yaxın küncü dəqiq nişan alaraq yekun hesabı müəyyənləşdirib – 4:0.
Danimarka mediası və idman təhlilçiləri “Orxus”un Masazırdakı məğlubiyyətini tam bir krizis kimi dəyərləndiriblər. Təhlillərdə qonaqların mərkəz xəttində “Sabah”a tamamilə uduzduğu qeyd olunub. Xüsusilə komandanın ulduzu Kristian Arnstadın ilk qoldakı bağışlanılmaz səhvi və müdafiə xəttinin dağınıq oyunu kəskin tənqid hədəfinə çevrilib.
Bununla yanaşı, aprel ayından bəri meydanı qol vurmadan tərk etməyən “Orxus”un 8 matçlıq qol seriyasına məhz “Sabah” müdafiəsi son qoyub.
Sabah” (Azərbaycan) – “Orxus” (Danimarka) 4:0
Qollar: Velko Simiç (59), Stiv Solve (67), Djoy-Lans Mikkels (79), Ksander Severina (89)
İlk oyun – 1:2
Baş hakim: Vilfrid Delajo (Fransa)
“Sabah”: Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Akim Zedadka (Tellur Mütəllimov, 90+3), Timoteuş Puxaç, İvan Lepinitsa (Abdulla Xaybulayev, 90+3), Umarali Rəxmonaliyev, Aleksey İsayev (Kristian Nvaçukvu, 82), Velko Simiç, Djoy-Lans Mikkels (Rodriqo Fernandes, 90+3), Orfe Mbina (Ksander Severina, 57).
“Orxus”: Mads Kristiansen, Yakob Andersen, Kolin Rosler (Məhəmməd Kamara, 81), Erik Kal, Yens Yonson (Sebastyan Yorgensen, 82), Maqnus Knudsen (Yanni Serra, 72), Kristian Arnstad, Qift Links (Frederik Emmeryu, 65), Rasmus Karstensen (Mikael Andersson, 65), Tobias Bek, Ceyms Boqere.
Sarı vərəqələr: Karstensen, Andersen, Kal.
Masazır, “Bank Respublika Arena”