PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Barselona” ilə çətin oyun gözlədiyini bildirib. İspaniyalı mütəxəssis rəqibin həm fərdi keyfiyyətlərini, həm də komanda oyununu yüksək qiymətləndirib, Lamin Yamalın qarşısını almaq üçün kollektiv mübarizənin vacibliyini vurğulayıb.
“Barselona” ilə qarşılaşmanı vaxtından əvvəl final hesab etməyən Enrike turnirdə başqa iddialı komandaların da olduğunu deyib: “Biz favoritlərdən biriyik, amma Çempionlar Liqasını qazana biləcək başqa komandalar da var”.
İspaniyalı mütəxəssis sabiq klubuna xüsusi rəğbətini gizlətməyib: “Bu klubu həm məşqçi, həm də azarkeş kimi izləməyi sevirəm. ‘Barselona’nın aydın dəyərləri, komanda ruhu və meydandakı həmrəyliyi var. Bu baxımdan biz də bir-birimizə bənzəyirik. Amma sabah bizi çətin oyun gözləyir”.
Enrike Lamin Yamalın neytrallaşdırılması üçün topa nəzarətin vacibliyini qeyd edib: “Yamala qarşı ən yaxşı üsul topa sahib olmaq və rəqibə bundan istifadə etmək imkanı verməməkdir. Belə keyfiyyətli futbolçuları yalnız komanda şəklində mübarizə aparmaqla dayandırmaq mümkündür”.
PSJ-də işləməkdən məmnun olduğunu bildirən baş məşqçi “Barselona”ya qarşı oynamağın onun üçün həmişə xüsusi hisslər doğurduğunu deyib. Bununla belə, hazırda PSJ-yə kökləndiyini və qələbə qazanmaq istədiyini vurğulayıb.
Paris küçələrində baş verən etirazlar barədə danışmaq istəməyən Enrike isə zorakılığı dəstəkləmədiyini bildirib: “Mən burada futboldan danışmaq üçünəm. Heç kim zorakılığı sevmir. Ümid edirəm ki, sabah hər kəs futboldan zövq alacaq”.