“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 30-cu turunda “Şamaxı” üzərində qazanılan inamlı qələbədən (3:0) sonra öz təəssüratlarını bölüşüb. Litvalı mütəxəssis erkən çempionluqdan sonra motivasiyanı qorumağın çətinliyinə və komandasının tarixi uğuruna toxunub.
Həftə ortası çempionluğu rəsmiləşdirən komandanın oyuna köklənməsinin çətin olduğunu vurğulayan Dambrauskas, futbolçularının peşəkarlığını xüsusi qeyd edib: “İlk növbədə, bizi hər zaman dəstəkləyən azarkeşlərimizi və oyunçularımı təbrik edirəm. Çempionluq xəbərindən sonra bu matça köklənmək psixoloji baxımdan asan deyildi. Buna baxmayaraq, meydanda klubun embleminə hörmətlə yanaşan, hər mövqedə üstün olan bir komanda gördüm. “Şamaxı’ kimi rəqibə üç qol vurmaq böyük işdir”.
Dambrauskas bu çempionluğun onun karyerasında xüsusi yer tutduğunu bildirib. O, Azərbaycan liqasının rəqabətədavamlı olduğunu vurğulayaraq maraqlı statistikaya diqqət çəkib: “Bu, mənim karyeramda üçüncü çempionluqdur. Əvvəllər Litva və Bolqarıstanda bu sevinci yaşamışam, lakin Azərbaycan Premyer Liqasındakı bu uğuru ən yaxşı nailiyyətlərimdən biri hesab edirəm. Səhv etmirəmsə, 9 aydır məğlub olmuruq. Çempionlar Liqası təcrübəsi olan bir rəqibi geridə qoymaq heç də asan məsələ deyil”.
Mütəxəssis qarşıdan gələn Azərbaycan Kubokunun finalı barədə də danışaraq, mövsümü iki kubokla qapatmaq istədiklərini gizlətməyib: “Final bir oyundan ibarətdir. Orada səhvə yer yoxdur. Kim daha az səhv etsə və daha yaxşı hazırlaşsa, o da qalib gələcək. Bizim üçün Kuboku qazanmaq çox vacibdir. Meydana çıxıb işimizi maksimum səviyyədə görəcəyik”.