Azərbaycan Premyer Liqası təmsilçisi “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Gəncə klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, komanda nigeriyalı vinger Benitonu transfer edib.
27 yaşlı hücumameyilli futbolçu ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzalanıb. Transfer azad agent statusunda gerçəkləşib.
Benitonun son klubu Kiprin “Akritas” komandası olub. İyul ayında Kipr təmsilçisi ilə yollarını ayıran nigeriyalı futbolçu ötən mövsüm 11 matçda meydana çıxsa da, məhsuldar göstəriciləri ilə diqqət çəkməyib.
Karyerasının əhəmiyyətli hissəsini Ukraynada keçirən universal vinger 2020–2025-ci illərdə Kiyev “Dinamo”sunun futbolçusu olub. Lakin “ağ-göylər”in əsas heyətində möhkəmlənə bilməyib. O, Kiyev klubunun heyətində ümumilikdə 35 oyunda meydana çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Benito 2020-ci ildə “Dinamo”nun heyətində Ukrayna Kubokunun qalibi olub.