Ölkə klublarının avrokuboklardakı uğurlu çıxışları fonunda “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borqes tarixi nailiyyətə imza atıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, təcrübəli futbolçu UEFA Konfrans Liqasında klublarımızın heyətində ən çox qol vuran oyunçu adına yiyələnib.
Kadi bu rekorda turnirdəki altıncı qoluna imza atmaqla sahib çıxıb. Braziliyalı yarımmüdafiəçi UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Niderlandda “Tvente”yə qarşı keçirilən ilk matçda (0:1) görüşün taleyini həll edən yeganə qola imza ataraq komandasına dəyərli səfər qələbəsi qazandırıb.
Bununla da Kadi “Qarabağ”ın heyətində Konfrans Liqasında keçirdiyi 17-ci oyunda 6-cı qolunu vurub. Braziliyalı yarımmüdafiəçi turnirdəki əvvəlki 5 qolunun hamısını 2021/22 mövsümündə vurub. Həmin mövsüm Kadi “Qarabağ”ın Avropa yürüşündə mühüm rol oynamaqla yanaşı, məhsuldarlığı ilə də diqqət çəkib.
Onun həmin mövsümdə vurduğu qollar:
III təsnifat mərhələsi: AEL (Kipr) 1:0 (1 qol)
Pley-off mərhələsi: “Aberdin” (Şotlandiya) 3:1 (1 qol)
Qrup mərhələsi: “Omoniya” (Kipr) 4:1 (2 qol)
Pley-off mərhələsi: “Marsel” (Fransa) 1:3 (1 qol)
“Tvente” ilə qarşılaşmayadək klublarımızın Konfrans Liqasındakı ən məhsuldar futbolçuları sırasında üç oyunçu yer alırdı. Kadi Borqeslə yanaşı, “Sabah”ın hücumçusu Coy-Lens Mikels və müxtəlif vaxtlarda “Qəbələ” və “Zirə”nin formasını geyinmiş Rafael Utziq turnirdə 5 qolla fərqlənmişdi.
Lakin Niderlandda “Tvente”yə qarşı vurduğu qələbə qolu Kadi Borqesi bu göstəricidə təkbaşına zirvəyə yüksəldib. Beləliklə, braziliyalı futbolçu Azərbaycan klublarının Konfrans Liqasındakı tarixində ən çox qol vuran oyunçu kimi adını rekorda yazdırıb.