“Netflix” platforması portuqaliyalı məşhur baş məşqçi Joze Mourinyoya həsr olunmuş “MOURINHO”adlı sənədli miniserialı izləyicilərə təqdim edib. “Record” nəşrinin məlumatına görə, üç bölümdən ibarət ekran əsərində mütəxəssisin “Real”ındakı ilk dönəmi, komanda daxilində yaşanan gərginliklər və klubun əfsanəvi qapıçısı İker Kasilyasla münasibətləri ətraflı şəkildə işıqlandırılıb.
Mourinyu ilk dəfə 2010-cu ildə “Real”ın baş məşqçisi təyin olunub və 2013-cü ilə qədər Madrid klubuna rəhbərlik edib. Portuqaliyalı mütəxəssis həmin dövrü xatırlayarkən komanda daxilindəki intizam problemlərindən və futbolçuların ona qarşı irəli sürdüyü tələblərdən də danışıb.
Mütəxəssisin sözlərinə görə, o vaxt komandanın kapitanı olan İker Kasilyas futbolçular adından bir sıra tələbləri rəhbərliyə çatdırıb. Oyunçular millinin düşərgəsindən qayıtdıqdan sonra daha çox istirahət günü istəyib, şəhərdəki tıxaclara görə məşqlərin daha gec saatlara keçirilməsini tələb edib, həmçinin oteldə qalmaq istəmədikləri üçün matçdan əvvəlki təlim-məşq toplanışlarının ləğv edilməsini xahiş ediblər.
Mourinyu isə bu tələblərə sərt münasibət göstərib: “Onlar fantastik oyunçular idi, lakin psixoloji baxımdan dözülməz vəziyyətdə idilər. Mən komanda formalaşdırmalı idim və dərhal anladım ki, onlar sadəcə ərköyünləşiblər”.
Portuqaliyalı mütəxəssisin “Real”dakı əsas hədəflərindən biri Pep Qvardiolanın “Barselona”sının İspaniya futbolundakı hegemonluğuna son qoymaq idi. Həmin illərdə iki əzəli rəqib arasında rəqabət son dərəcə gərgin xarakter daşıyır, meydandakı mübarizə komanda daxilindəki münasibətlərə də təsir edirdi.
Belə bir atmosferdə İker Kasilyasın milli komandadakı yoldaşı Xavi ilə görüşmək istəməsi Mourinyunun ciddi narazılığına səbəb olub. Portuqaliyalı məşqçi bu addımı “Barselona” ilə prinsipial mübarizə aparan “Real”a qarşı xəyanət kimi qiymətləndirib.
Mourinyu həmin hadisəni belə xatırlayıb: “Elə şeylər var ki, onları heç vaxt qəbul etməyəcəyəm. Əgər kiməsə hörmət etmirəmsə, deməli, problemimiz var. Biz “Barselona” ilə əsl müharibə vəziyyətində idik! Yığmada isə kim kimi istəyirdisə qucaqlaya bilərdi”.
Məhz bundan sonra Mourinyu komandanın kapitanı və əsas simvollarından biri olan Kasilyası ehtiyat oyunçular skamyasına göndərmək qərarına gəlib.
Bütün bu gərginliklərə baxmayaraq, Mourinyunun “Real”dakı dönəmi klub tarixinin uğurlu səhifələrindən biri kimi yadda qalıb. Portuqaliyalı mütəxəssis 2011/12 mövsümündə Madrid təmsilçisini La Liqa çempionluğuna daşıyıb. Bundan başqa, onun rəhbərliyi altında “ağlar” İspaniya kubok və superkubokunu qazanıb.
Yeni sənədli miniserial Mourinyunun həmin illərinə fərqli prizmadan nəzər salmaqla yanaşı, onun komanda idarəçiliyində intizam, tələbkarlıq və liderlik məsələlərinə nə dərəcədə sərt yanaşdığını da bir daha ortaya qoyur.