Kiyev “Dinamo”sunun baş məşqçisi İhor Kostyuk UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlubiyyətdən (0:2) sonra keçirilən mətbuat konfransında cavab qarşılaşmasında buraxılan qollar, qaçırılan imkanlar və rəqibin taktiki üstünlüyü barədə sualları cavablandırıb.
Ağdam təmsilçisinin ilk matçla müqayisədə nələri dəyişdiyinə toxunan Kostyuk, rəqibin imkanlardan maksimum yararlandığını vurğulayıb: “Qarabağ“ əlinə düşən fürsətləri qola çevirməyi bacardı və oyunun taleyini həll edən əsas amil də bu oldu”.
İkinci yarıda oyun üstünlüyünü ələ keçirmələrinə baxmayaraq, kəsərli zərbə vura bilmədiklərini vurğulayan mütəxəssis məğlubiyyəti qol fürsətlərinin boşa verilməsi ilə əlaqələndirib: “Gördünüz ki, ikinci yarıda təşəbbüsü tamamilə ələ aldıq, daha irəlidə oynamağa başladıq. Düşünürəm ki, 100 faizlik üç təhlükəli epizod yaratdıq, lakin onları dəyərləndirə bilmədik. Futbol qaçırılan imkanları bağışlamır: vurmadığımız yerdə, neqativ ssenari ilə qarşılaşıb qapımızda qol gördük.
Ümumilikdə, ikinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Müdafiədən hücuma yaxşı keçir, topu tez qazanır və təhlükəli vəziyyətlər yaradırdıq. Heyf ki, bu gün həmin epizodları məntiqi sonluğa çatdırmaq üçün nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”.
Komandasının matç boyunca tez-tez uzun və hava ötürmələrinə əl atmasına da aydınlıq gətirən İhor Kostyuk rəqibin güclü təzyiqini xüsusi vurğulayıb: “İlk hissədə “Qarabağ” çox aqressiv və sıx presinq tətbiq edirdi. Bu səbəbdən cərimə meydançamızın yaxınlığında topu itirməmək üçün risk etmək istəmədik. Hücumları Ponomarenko üzərindən qurmağa çalışırdıq ki, o, topu irəlidə saxlayıb komandanı hücuma çıxarsın.
İkinci yarıda rəqibin təzyiqi bir qədər səngidi və biz topa daha rahat nəzarət etməyə başladıq. Təxminən 25-30-cu dəqiqələrdən sonra meydanda daha inamlı görünürdük. Bir daha qeyd edirəm, rəqib çox sıx presinq edirdi və biz həmişə bu təzyiqdən rahat çıxa bilmirdik”.